Yekaterinburq məhkəməsi Akif Səfərov barəsində də həbs qətimkan tədbiri seçib.
APA-nın Rusiya bürosu xəbər verir ki, məhkəmə ittiham tərəfinin tələbini təmin edib və A. Səfərovu 22 günlüyünə istintaq təcridxanasına göndərib.
Məhkəmənin qərarı ilə A. Səfərov barəsində iyulun 19-dək həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, A. Səfərov 1963-cü il təvəllüdlüdür. O, iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının hücum etdiyi "Kaspi" kafesinin sahibidir.
11.36
Yekaterinburqun Leninski məhkəməsi Məzahir Səfərov barəsində həbs-qətiimkan tədbiri seçib.
APA-nın Rusiya bürosu xəbər verir ki, həmyerlimiz 22 günlüyünə istintaq təcridxanasına göndərilib.
İttiham tərəfi Məzahir Səfərovun barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib. Vəkil isə onun ev dustaqlığına buraxılmasını istəyib. Məzahir Səfərov vəkilinə bildirib ki, onun etirafı zorla alınıb, ailəsi hədələnib. Buna baxmayaraq, hakim qarşı tərəfin iddiasını təmin edib.
Bu arada, Yekaterinburqda məhkəməsi keçirilən azərbaycanlıların adları məlum olub. Bunlar Akif Möhbalı oğlu, Ayaz Möhbalı oğlu, Məzahir Möhbalı oğlu və Bakir Mehdi oğlu Səfərovlardır.
Vüqar və Mahəmməd Səfərov qardaşları kütləvi həbslərdən dərhal sonra sərbəst buraxılıblar. Kamal Səfərov reanimasiyadadır.
Əhliman Gənciyev də məhkəmə qarşısına çıxarılacaq. Əməliyyat tədbirlərindən sonra o, xəstəxanaya yerləşdirilib. Lakin həkimlər onun dinləmədə iştirakına icazə veriblər. Digər təqsirləndirilən Əziz Abasov isə 36 saylı xəstəxanadadır.
Qeyd edək ki, məhkəmə prosesində Azərbaycanın Yekaterinburqdakı Baş konsulu vəzifəsini icra edən Şöhrət Mustafayev də iştirak edir. Bundan başqa Yekaterinburqdakı Azərbaycan diasporunun sədri Şahin Şıxlinski prosesə qatılıb.
10.30
Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, 2000-ci illərin əvvələrində törədilmiş cinayət işində şübhəli bilinərək bu ilin iyunun 27-də zor tətbiq edilərək saxlanılan 9 nəfər azərbaycanlı məhkəmə qarşısına çıxarılıb.
Məhkəmə azərbaycanlılar barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxır.
Yekaterinburqun Leninski Məhkəməsində keçirilən prosesdə bir neçə qətldə və adam öldürməyə cəhddə şübhəli bilinərək saxlanılan azərbaycanlılar barəsində həbs-qətimkan tədbirinin seçilib-seçilməməsi müəyyən ediləcək.
İttiham tərəfi prosesin qapalı keçirilməsini xahiş edib. Məhkəmə ittiham tərəfinin xahişini təmin edib, jurnalistlər zaldan çıxarılıblar.
Hazırda məhkəmə Məzahir Səfərov barəsində həbs-qətiimkan tədbirinin seçilməsinə baxmaq üçün müşavirəyə yollanıb.
Saxlanılan azərbaycanlılar barəsində həbs qətimkan tədbirinin seçilməsinə ayrı-ayrılıqda baxılır.
Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə Regional İdarəsinin açıqladığı məlumata görə, azərbaycanlılara qarşı ittihamların irəli sürüldüyü epizodlar Yekaterinburqda 2001, 2010 və 2011-ci illərdə baş verib.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub. Əməliyyat zamanı iki qardaş - Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, xeyli azərbaycanlı saxlanılıb. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib.
Şərhlər