Ekonomiks 18:19 27.01.2021

"Yelo Bank" 2020-ci ilin IV rübü üzrə maliyyə göstəricilərini açıqladı

"Yelo Bank" ASC ötən ilin IV rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

Bankın hesabatına əsasən, rübün sonunda qurumun cəmi aktivləri 390,9 mln manat təşkil edib.

Bankın kredit portfeli 308,3 mln manat təşkil edib, bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 4 mln. manat artımdan xəbər verir. Keçən ilin eyni dövrü ilə müqayisədə biznes kreditlərinin həcmində 22 mln. AZN və yaxud 18 % artım müşahidə olunub.

Məcmu kapitalın adekvatlıq əmsalı 18,34 %, birinci dərəcəli kapital adekvatlığı əmsalı isə 16,04 % təşkil edir. Bu da, öz növbəsində, normadan müvafiq olaraq təxminən 2 və 3 dəfə çox olmaqla Bankın möhkəm kapital dayanıqlığını ifadə edir.

Bank nizamnamə kapitalını 2020-ci ilin üçüncü rübü ilə müqayisədə 5,6 % artıraraq 378 mln. manat səviyyəsinə çatdırıb.

Bank il ərzində güclü likvidlik mövqeyini qoruyub saxlaya bilib.

"Yelo Bank"ın İdarə Heyətinin sədri Anar Həsənov hesabat dövrü üzrə maliyyə nəticələrini şərh edib: "Hazırkı dövrdə əsas vəzifəmiz koronavirus pandemiyasının yaratdığı fəsadları daha tez aradan qaldırmaq üçün müştərilərimizin gözlənti və ehtiyaclarını ən yüksək səviyyədə qarşılamaqdır. Bu baxımdan, verdiyimiz biznes kreditlərinin artması bizim ölkənin real sektorunun inkişafına dəstəyimizin göstəricisidir. Bank olaraq real sektorun stimullaşdırlmasını bundan sonra da planlı şəkildə davam etdirəcəyik. Sahibkarlar üçün bir çox maraqlı təkliflər hazırlamışıq və il boyunca onlar bu təkliflərdən yararlana biləcəklər. Bununla yanaşı, biz davamlı olaraq yeni texnologiyalara yatırım edir, rəqəmsal məhsullarımızın sayını artırır, filial şəbəkəmizi genişləndirir və yeni konsepsiyamıza uyğun müasirləşirik. Gördüyümüz məqsədyönlü işlərin nəticəsi müştərilərimizin məmnuniyyəti və maliyyə göstəricilərimizdə də öz əksini tapacaq”.