Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılışı olub.
Qaynarinfo-nun qafqazinfo-ya istinadən məlumatına görə, uzun müddətdir, qəsəbədə məktəb arzusunda olan sakinlərin istəkləri reallaşsa da, bu dəfə də məktəbə sənəd qəbulunda sıxlıq yaşanıb.
Övladının yeni təhsil ocağında oxumasını istəyən valideynlər digər məktəblərdən sənədləri alaraq buraya təqdim edib. Yaranan sıxlıq isə xeyli şagirdin hazırda məktəbdən kənar qalmasına səbəb olub. Valideynlərin sözlərinə görə, 4 gündür ki, uşaqlar məktəbə gedə bilmir. Onların arasında birincilər sayca çox olsalar da, yuxarı sinif şagirdləri də var.
Günlərdir məktəbdən müsbət cavab ala bilməyən valideynlər sənədlərini geri alıb qeydiyyat üçün başqa bir təhsil ocağına getmək istəsələr də, bu da mümkün olmayıb. Rəhbərlik sənədlərin Təhsil Nazirliyində olduğunu, bu səbəbdən onlara verə bilməyəcəklərini söyləyib.
Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən bildirilib ki, vəziyyət nəzarət altındadır və şagirdlər yaxın günlərdə məktəbə yerləşdiriləcək.
Məktəbdə 960 şagirdin təhsil alması nəzərdə tutulub.
Şərhlər