Hüseynbala Səlimov
Ölkə 13:56 18.05.2020

“Yerdən göyə üç alma qalxdı” desəm?..

Hüseynbala Səlimov

Adam var deyir ki, aylarla, bəzən də illərlə Azərbaycan kanallarına baxmıram. Amma etiraf edirəm ki, mən bizim televiziya kanallarına baxmaya bilmirəm və bu maraq məndə pandemiya ilə bağlı da yaranmayıb. 

Yox, lap əvvəldən gündə azı bir-iki saat televizya qarşısında keçirirəm, özü də xəbər proqramları nəzərə alınmamaqla. 

Qərəz, gah bu kanala, gah da digər bir kanala çevirirəm ki, bəlkə maraqlı bir şey oldu. Gəl, özüm də yaxşı bilirəm ki, mənasız sevdadır, bizim telekanallarda nəsə maraqlı bir şey axtarmaq Talış meşələrində fil, Pirsaat çayında isə timsah axtarmaq kimi bir şeydir.

Bəs niyə belə olur? Niyə bizim televiziya kanalları bu qədər sönük və maraqsızdırlar? Düşünürəm, səbəbi Sizə də aydındır: burada hər şey son nöqtəsinə qədər tənzimlənir, hər şey ciddi şəkildə reqlamentləşdirilib.

Məsələn, ötən gün baxıram, bir nəfər "politoloq” qismində kanallardan birindəki verilişdə iştirak edir. Qərəz, nə danışdı, nə danışmadı bilmirəm, amma az sonra proqram başa çatdı və aparıcı bizim tanınımış politoloqa sidqi-ürəkdən minnətdarlıq edib estafeti digər proqrama verdi.

Mən də kanalı dəyişdim ki, görüm digərlərində nə var. Nə görsəm yaxşıdır, əzizlərim? Həmin politoloq həzrətləri digər kanalda politoloq qismində yox, artıq aparıcı kimi veriliş aparır!..

Əslində gərək, mən, bəli, bizim Azərbaycan televiziya kanallarının qocaman tamaşaçısı kimi buna təəccüblənməyəydim, çünki illər öncə özüm yazmışdım ki, bizim televizya kanalları "Fiqaro burada, Fiqaro orada!” prinsipilə işləyir, burada qonaqlar – musiqiçilər, sənət adamları, siyasət biliciləri bir kanalda iştirak edib, dərhal o birisinə yollanırlar...

Bunların dediklərinə - söylədiklərinə gəldikdə, uşaqkən aldığım bir kitabça, bəli, "Azərbaycan qaravəlliləri” yadıma düşür. Amma bunun faydalı tərəfi də var, demək olmaz ki, bizim telekanallar, ümumiyyətlə, gərəksiz bir şeydir, yox, hər faydasızlıqda bir fayda var. 

Məsələn, mən bu kanallardan öyrənirəm ki, dünyadakı on bir iqlimdən doqquzu olan məmləkətimizdə bir neçə "siyasi iqlim” də, yəni müxalifət də var. 
Yox, siz onları canlı həyatda heç vaxt görməzsiniz, amma telekanallarımızın irili-xırdalı "şərhçi”lərinin ağızları köpüklənə-köpüklənə söylədiklərindən belə məlum olur ki, ölkədə müxalifət də var, hətta onları görənlər də olub, necə ki, bəziləri iddia edir ki, guya Qar adamını görüblər...

Əlbəttə, mən sosial şəbəkələrə baş vurub bunun belə olub-olmadığını daha dəqiq öyrənə bilərəm. Amma vaxt nə gəzir! Bunu mənim əvəzimə bayaq dediyim televiziya jurnalistləri edir və bu adamlar nəzərə belə almırlar ki, bu yolla ötürücü anten rolunu oynayır, müxalifətin heç varlığı ilə maraqlanmayan adamlara belə deyirlər ki, Azərbaycanın dağında, dərəsində, həndəvərlərində "müxalifətçi” deyilən adamlar da var və bu azmış kimi həmin müxalifətçilərin dediklərini bircə-bircə çatdırırlar bizim insanlara.

Bəs nə deyir bizim bu müxalifət qövmü? Vallah, yenə də yadıma ya qarəvəllilər, ya da ovçu Pirimin nağılları düşür. Bilirsinizmi, hətta nağıl da inandırıcı olmalıdır. Məsələn, nağıllarda deyirlər ki, Göydən üç alma düşdü,- bəli, heç kim demir ki, Yerdən göyə üç alma qalxdı, çünki bu, artıq nağıl yox, lap gop olar...

Söz gopa çatanda deyim ki, biz azərbaycanlılar goplamağı sevirik, özümüz goplamağı sevdiyimizdən nəinki ölkəmizdəki, hətta dünyadakı bütün olaylara gop kimi baxırıq. 

Ötən günlərin söhbətidir. Karantin vaxtı taksiyə əyləşdim ki, vaxtım çox getməsin. Sürücü bir az oradan–buradan danışdı və pandemiyaya keçdi. Axırda da qayıtdı ki, vallah, bu da deyəsən bir oyundur...

Əlbəttə, mən ona heç nə demədim, çünki bizim insanlarımız kimsə onlarla razılaşmayanda, kimsə onlara etiraz edəndə bunu qətiyyən  sevmirlər. Amma demək istədim ki, a kişi, az qala, yarım milyon insan ölüb dünyada! Belə də oyun olar?! Amma yenə də uşaqlıqda aldığım kiçik "Azərbaycan qaravəlliləri” kitabı və qızıldan qiymətli bəzi atalar sözlərimiz düşdü yadıma. Həmin atalar sözlərindən birində deyilirdi ki: "Danışmaq gümüşdürsə, susmaq qızıldır”...