Foto 10:56 11.04.2021

Yevlaxda toy, Siyəzəndə nişan mərasimi... (FOTO)

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Kövər kənd sakini Mətləb Qasımov yaşadığı evin həyətində qonaqların iştirakı ilə övladına toy məclisi təşkil etdiyi müəyyən edilib.

Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 10 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə isə rayonun Böyük Həmyə kəndində yerləşən fərdi yaşayış evlərinin birində nişan mərasiminin keçirildiyi müəyyən olunub.

Polis əməkdaşları tərəfindən məclis dərhal dayandırılıb.

Kütləvi şəkildə toplaşaraq sanitar-gigiyena və karantin rejimi qaydalarını pozanlarla izahedici söhbətlər aparılıb, mərasimin təşkilatçısı və orada iştirak edənlər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.