Xəbər lenti

İdman 12:28 18.10.2021

Yığmamızın Avropa çempionatındakı rəqibləri müəyyənləşir

Bu gün futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkü atılacaq.

Qaynarinfo xəbər verir ki, tədbir Zeist şəhərində Bakı vaxtilə saat 20.00-da start götürəcək. Püşkatmadan sonra millimizin də rəqibləri müəyyənləşəcək. 

Yığmalar səbətlərə bölünüb. Qruplara hər səbətdən bir komanda düşəcək. Joze Alesionun rəhbərlik etdiyi komandamız 2-ci səbətdə yer alacaq. Yarışa ev sahibliyi edəcək Niderland seçməsi isə avtomatik olaraq A qrupunda 1-ci pillədə qərarlaşacaq.

Azərbaycan və Niderlandla yanaşı, Bosniya və Herseqovina, Xorvatiya, Finlandiya, Gürcüstan, İtaliya, Qazaxıstan, Polşa, Portuqaliya, Rusiya, Slovakiya, Sloveniya, İspaniya və Ukrayna milliləri də final mərhələsində iştirak edəcək. Sonuncu vəsiqənin sahibi isə noyabrda Belarus və Serbiya yığmaları arasında keçiriləcək pley-off oyunlarından sonra müəyyənləşəcək.
 
Yanvarın 19-dan, fevralın 6-na qədər keçiriləcək Avropa çempionatının həlledici mərhələsində ilk dəfə 16 komanda yer alacaq. İndiyədək İspaniya 7, İtaliya 2, Rusiya və Portuqaliya isə hərəyə 1 dəfə Avropa çempionu olub. Gürcüstan, Finlandiya, Slovakiya, Bosniya və Herseqovina isə həlledici mərhələdə debüt edəcəklər.
 
1-ci səbət

İspaniya, Rusiya, Portuqaliya, Qazaxıstan

2-ci səbət

Xorvatiya, Azərbaycan, Serbiya / Belarus, İtaliya

3-cü səbət

Ukrayna, Sloveniya, Bosniya və Herseqovina, Polşa

4-cü səbət

Finlandiya, Slovakiya, Gürcüstan, Niderland

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?