Bir neçə gün əvvəl Şəmkir-Gədəbəy magistralında toydan qayıdan "Vaz-21011” "Mitsubishi Pajero” ilə toqquşub. Nəticədə "Vaz-21011”də olan iki kişi, iki qadın və bir azyaşlı olmaqla, 5 nəfər ölüb. Digər avtomobilin sürücüsü isə saxlanılıb.
Yollarda qəzalara ən çox səbəb olan, təhlükəsizlik baxımından aşağı səviyyəli avtomobillər hansılardır? Ümumiyyətlə, təhlükəsizlik baxımından avtomobillər hansı keyfiyyətlərinə görə qiymətləndirilirlər?
Hüquqşünas Ərşad Hüseynov Lent.az -a açıqlamasında qəzalara və onların nəticələrinə gətirib çxıaran 3 əsas amili diqqətə çatdırıb:
"Yol hərəkəti təhlükəsizliyi baxımından komponentlərin tərkib hissələrinin hamısını götürmək lazımdır. Təhlükəsizlik, yol-nəqliyyat hadisələrinin baş verməsi, hadisələrin nəticələrinə gətirib çıxaran əlaqələrdə 3 əsas element var: 1) İnsan, yəni, sürücü, sərnişin, piyada, velosiped sürən və s. 2) avtomobil; 3) yol infrastrukturu.
Əgər bu komponentlərin üçü də eyni olanda o zaman mülahizələr yürütmək mümkündür ki, hansı yollarda daha çox qəzalar baş verir, ağır nəticələnir, kimlər ən çox qəza törədir? Yaxud, hansı avtomobillərlə törədilən qəzalarda nəticələr daha ağır olur?”
Ərşad Hüseynov təhlükəsizlik baxımından markaların bir-birindən ciddi fərqləndiyini və müasir avtomobillərin daha təhlükəsiz olduğunu deyib:
"Avtomobillərin texniki vəziyyəti ilə bağlı standartlar var. Bu standartlar istismara yararlı avtomobillərin minimum göstəriciləridir. Həmin göstəricilərə uyğun olmayan əşya avtomobil sayılıb yol hərəkətinə buraxıla bilməz. Amma müxtəlif istehsalçılar, müxtəlif ölkələr özlərinin yanaşmasına uyğun olaraq fərqli dəyişikliklər edirlər. Bu minimumları imkanları daxilində bir az yuxarı qaldırırlar, əlavə təhlükəsizlik elementləri qoyurlar və s. Bu baxımdan, müxtəlif ölkələrdə, müxtəlif illərdə istehsal olunan avtomobillərin təhlükəsizlik səviyyəsində ciddi fərqlər var. Fərq də ondan ibarətdir ki, müasir avtomobillər bir qayda olaraq daha təhlükəsiz olurlar. Çünki həmin avtomobillərdə ən son yanaşmalar nəzərə alınır. Burada sürücünün iradəsindən asılı olmayan passiv elementlər təhlükəsizlik kəməri, təhlükəsizlik yastığı, konstruksiya, eyni zərbədə sərnişinləri daha yaxşı qoruması və ya eyni zərbədə piyadaya daha az xəsarət yetirməsi əsas götürülür. Aktiv təhlükəsizliyə isə sürücünün iradəsindən asılı olan elementlər daxildir”.
"Sovet maşınları”nın təhlükəsizlik baxımdan aşağı səviyyədə olduğunu deyən hüquqşünas, bu baxımdan keyfiyyətli avtomobillərin də baha olmasını dilə gətirib:
"Nə SSRİ dövründə, nə də müstəqillik dövründən sonra Rusiyada istehsal olunan maşınlarda təhlükəsizlik yastıqları yoxdur. Konstruksiyaları daha zəifdir. Toqquşma və ya frontal zərbə olanda mühərrik yerindən çıxıb salona girir, sürücünün və ya sərnişinin ayağını sındırır. Yan tərəfdən, arxadan zərbələr olanda da konstruksiya adamı qorumur. Bu çatışmazlıqlar indiki brend markaların 1970-80-ci il modellərinə də aiddir.
Müasir avtomobillərdə isə təhlükəsizlik yastığı da var, kəmər də daha səmərəlidir. Konstruksiyası da elə quraşdırılıb ki, qəza olanda mühərrik salona girmir, asfaltın üstünə düşür. Qabaq buferdən başlayaraq konstruksiya yumşaqdır, kinetik enerji tədricən udulur deyə, salondakı adamı çox da əzmir. Nəticədə sağ qalmaq ehtimalı artır. Burada da istehsalçılar arasında fərq var. Elə marka var ki, brend olaraq öz adını qoruyur, özünə hörmət edir və ən yaxşı təhlükəsizlik elementlərindən istifadə edir. Amma onların qiyməti bahadır. Hamı bilir ki, bunlardan ən öndə gedəni "Volvo”, "BMW”, "Mercedes”, "Lexus”dur, ABŞ-ın və Yaponiyanın müxtəlif brendləridir. Elə markalar da var ki, kütləvi istehlakçılar üçün nəzərdə tutulub və bayaq dediyimiz minimum göstəricilərə malikdir. Bu markalar yeni avtomobil sənayesi ölkələri olan İranda, Rusiyanın son model avtomobillərində özünü göstərir. Təhlükəsizlik baxımdan ən aşağı elementlər Hindistana məxsusdur. Çin də minimum elementlərə malikdir, lakin son modellər nisbətən təkmilləşdirilib”.
Şərhlər