Sport7.az-ın adı qalmaqallarda hallanan, yolu polis, məhkəmə, həbsxanadan düşən idmançılar haqqında araşdırması davam edir.
Üçüncü yazıda da idmançılarımızın adının qarışdığı cinayət hadisələrindən bəhs edilir:
Boks üzrə Olimpiadanın bürünc medalçısı Vüqar Ələkbərov Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunan idmançı iş adamı ,«İnşaatçı-E» MMC-nin təsisçisi Kənan Quliyevdən zor tətbiq etməklə «Toyota» markalı avtomobilini və hədələyərək 10 min dollar tələb etməkdə təqsirləndirilib.
İlkin istintaqda irəli sürülən ittihamı qəbul edən Vüqar məhkəmədə dediklərinin doğru olmadığını söyləyib. Belə ki, Ələkbərov Quliyevdən ona olan borcunu istədiyini iddia edib. Beləliklə, məhkəmə Ələkbərovu günahsız hesab edərək, məhkəmə zalından azadlığa buraxıb.
Kikboks üzrə dördqat dünya çempionu, Azərbaycan Kikboks Federasiyasının qızlardan ibarət milli komandanın baş məşqçisi Anar Süleymanov da həbs həyatı yaşayan idmançılar sırasındadır.
İdmançı 2018-ci il noyabrın 5-də Nərimanov rayonunda yaşadığı evdə əvvəllər tələbəsi olmuş kikboks üzrə dünya çempionu olan həyat yoldaşını döyməkdə təqsirləndirilib.
Xanım polisə izahatında göstərib ki, A.Süleymanovla cəmi 2 ay evli olub: "Həmin müddət ərzində də məni qapalı yerdə saxlayıb, dəfələrlə döyüb. Məni boğaraq dilimi ağzımdan çıxarıb öldürmək istəyirdi. Sonuncu dəfə döyüldükdən sonra qayınanamın evdə olmasından istifadə edib qapını açıb qaçaraq atam evinə qayıtdım. Lakin Anar məni və ailə üzvlərimi ölümlə hədələyirdi. Evli olduğumuz vaxt mənə deyirdi ki, "kriminal aləmin üzvləriyik, biz heç kimdən qorxmuruq”. Üzümə yumruqla vururdu, saçımdan tutub evdə sürüyürdü, təpikləyirdi”.
Zərərçəkmiş Ş. 17-ci Polis Bölməsinə şikayət edib və A.Süleymanov barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə protokol tərtib olunub. Nərimanov rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov protokol üzrə qərarını elan edib və A.Süleymanov fevralın 13-dən etibarən 20 gün müddətinə inzibati qaydada həbs olunub.
Kərim Boksor kimi tanınan güney azərbaycanlı tanınmış idmançı Kərim İsmayılzadə bu ilin fevral ayında həbs edilib.
O, ictimaiyyəti kütləvi iğtişaşlara və itaətsizliyə təşviq etmək ittihamı ilə İranın ETTELAAT Nazirliyi tərəfindən həbs edilib.
İdmançının harada və hansı şəraitdə saxlandığı, eləcə də sağlamlıq vəziyyəti barədə məlumat yoxdur. Yaxınları bu barədə məlumat əldə etmək üçün müxtəlif qurumlara müraciət etsələr də, heç bir cavab ala bilməyiblər.
İki öncə yanvarın 25-i saat 04 radələrində paytaxtın Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş avtomobilin sürücüsü və sərnişini ilə məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranıb. Nəticədə avtomobildə olanlar mühafizəçini döyərək hadisə yerini tərk ediblər. Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mahir İsgəndərov və İsa Əzizov müəyyən edilərək saxlanılıblar və iki idmançı inzibati qaydada cəzalandırılıblar.
Nəsimi rayon Məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə onların barələrində 30 sutka inzibati həbs qərarı çıxarılıb.
Təqsirləndirilən şəxslər məhkəmə qərarından apellyasiya şikayəti veriblər.
PS... Artıq həbs həyatı yaşamış idmançılarla bağlı siyahımızı demək olar ki, tamamladıq. Bir sonrakı yazılarımızda pərdənin arxasında olanda məqamlardan bəhs edəcəyik.
Röya Kərimli
Şərhlər