Sənət 20:10 06.04.2020

"Yoluxma" filmi tamaşaçılarını “yoluxdururmu”? - Psixoloq

"Yoluxma" filminin nümayişi həssas insanlara pis təsir edir".

Bunu Qaynarinfo-ya açıqlamasında psixoloq Elnur Rüstəmov "Yoluxma" filminin nümayişi ilə bağlı sosial şəbəkədə baş verən narazılıqlardan, tamaşaçıların səhhətinə mənfi təsirlərindən danışarkən deyib. Psixoloq müəyyən məsləhətləşmələrdən sonra televiziyalarda "Yoluxma" filminin nümayişinə icazə verildiyini qeyd edib:

"İstəlinən bir film insanlara fərqli formada təsir edə bilər. Yəni bütün insanlara eyni təsir etmir. Belə şey yoxdur. Sadəcə, ola bilər ki, bir film bəzi insanlara mənfi təsir etsin, amma eyni zamanda bir qrup insanları da maarifləndirsin. Bu film televiziyalarda nümayiş olunmazdan əvvəl internet üzərindən izlənilib. Yaxşı olardı ki, bu filmlərdənsə daha çox pozitiv notlara koklələn filmlər, verilişlər, maarifləndirici proqramlar nümayiş olunsun".
   
Elnur Rüstəmov "Yoluxma"nın həm də maarifləndirici rolu olduğunu deyib.
Xatırladaq ki, "Yoluxma” (Contagion) filmi 2011-ci ildə Stefan Soderberqin rejissorluğu ilə çəkilib. Süjetdə fomitlər vasitəsi ilə yayılan bir virus tibb tədqiqatçıları və ictimai səhiyyə işçilərinin xəstəliyi aşkarlamaq və idarə etmək cəhdləri, pandemiyada ictimai qaydanın itirilməsi və nəticədə virusun yayılmasına mane olan peyvəndi aşkar etməsindən bəhs olunur.

Bahar Rüstəmli