Xəbər lenti

Zahid Orucun müəllimi danışdı
Ölkə 11:45 24.08.2013

Zahid Orucun müəllimi danışdı

“İki il Zahid Orucun Azərbaycan dili və ədəbiyyat müəlliməsi olmuşam və fəxr edirəm ki, mənim belə bir dəyərli şagirdim olub”. 

Bunu Gədəbəy rayonunun Alnabat ( keçmiş Əli İsmayıl) kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Rəna Hümbətova  millət vəkili Zahid Orucun fəaliyyətinə və prezidentliyə namizədliyini irəli sürməsinə münasibətini bildirərkən dilə gətirib.

Onun sözlərinə görə, Z.Oruc dərs dediyi şagirdləri arasında hər zaman təlim-tərbiyəsi, savadı, çalışqanlığı ilə seçilib:

“O, mənim ən sevimli şagirdlərimdən biri olub. O, hər mənada məktəb birincisi idi... Oturuşu-duruşu, böyük-kiçik yeri bilməsi, savadı, tərbiyəsi, davranışı ilə daim seçilib, fərqlənib. Onun çox gözəl nitqi, məntiqi vardı. Dərsi də elə gözəl, elə səlis və məntiqi danışırdı ki, adam valeh olmaya bilmirdi.

Eyni zamanda, onun çox gözəl xətti vardı, sanki muncuq düzürdü... Onun lövhə qarşısında duruşu da başqa bir aləm idi, hələ də gözlərimin önündən getməyib. Özünəməxsus, ağayana bir duruş...”.

R.Hümbətova eyni zamanda bildirib ki, Z.Orucun orta məktəb illərindən sonrakı fəaliyyətini də izləməyə çalışır:

“Biz onun siyasi, deputatlıq fəaliyyətini də televiziyadan, mətbuatdan izləməyə çalışırıq və deyim ki, özü də çox yüksək qiymətləndiririk. Çünki hər zaman xalqın, dövlətin, sıravi insanların mövqeyindən çıxış edir və onları maraqlandıran məsələləri dilə gətirir.

Bu, bizim üçün çox qürurverici bir haldır. Qürur və fəxr hissi keçiririk ki, bizim belə bir şagirdimiz, millət vəkilimiz, siyasətçimiz, ziyalımız var. Ona bundan sonrakı fəaliyyətində də uğurlar diləyir, işlərinin avand olmasını arzulayırıq”.

Alnabat kənd orta məktəbinin riyaziyyat müəllimi Bayram İbrahimov da bizimlə söhbətində Z.Orucu hər baxımdan çox yüksək qiymətləndirdiyini bildirib:

“Əvvəla, mən özüm 47 ildir Alnabat kənd orta məktəbində riyaziyyat müəllimi işləyirəm. Zahid Oruc da mənim şagirdlərimdən biri olub. 3 il onların sinif rəhbəri də olmuşam. Özü də mənim ən nümunəvi, ən çalışqan, ən bilikli, ən savadlı ,ən tərbiyəli şagirdlərimdən olub.

Belə bir şagirdimin olması ilə də həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm. O, bizim fəxrimizdir. Adam var ki, ali savadı var, amma danışıq, natiqlik qabiliyyəti yoxdur. Adam da var ki, orta təhsili var, amma gözəl, səlis danışıq qabiliyyəti var.

Amma Zahid Oruc da həm gözəl savad, həm ali təhsil, həm də gözəl danışıq, natiqlik qabiliyyəti var. O, danışdıqca sanki adama ləzzət edir. Hər zaman televizor önündə oturub onun çıxışlarını da dinləməyə çalışıram.

Çalışıram ki, onun çıxışlarının heç birini buraxmayım. Çox məntiqi, çox savadlı, çox səlis danışır, mövqeyini əsaslandıra bilir...İndi belə bir insanla, keçmiş şagirdlə fəxr etməmək olarmı? Əlbəttə, yox.

Odur ki, ona prezident seçkilərində də uğurlar arzulayırıq, istəyirik ki, bundan sonra da müəllimlərin güzəranının yaxşılaşdırılması məsələsini diqqətdə saxlasın...”.(Musavat.com)

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->