Xəbər lenti

Zakir Həsənovun işdən çıxardığı hərbçi DANIŞDI
Ölkə 11:16 17.11.2013

Zakir Həsənovun işdən çıxardığı hərbçi DANIŞDI

Hərbi nəşriyyatın rəisi Pənah Abdullayev: “Mənim o məsələlərə qayıtmaq fikrim yoxdur” 

Musavat.com xəbər verir ki, ötən saylarımızda Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatının rəisi Pənah Abdullayevin fəaliyyəti haqda yazmışdıq. Sonuncu yazıda isə onun yeni müdafiə naziri Zakir Həsənov tərəfindən vəzifəsindənazad edilməsi, amma buna baxmayaraq P.Abdullayevin dirəniş göstərdiyini qeyd etmişdik. Dünən P.Abdullayev redaksiyamızla əlaqə saxlayıb.

Ona verdiyimiz suallar və aldığımız cavabları təqdim edirik:

- Dəfələrlə Hərbi Nəşriyyatda baş verən qanunsuzluqlar, sizin sabiq müdafiə naziri ilə yaxın münasibətləriniz və bu münasibətlərdən sui-istifadə etməniz haqda yazmışıq... Bu iddialara münasibətiniz necədir?

- Bilirsiniz nə var, mənim o məsələlərə qayıtmaq fikrim yoxdur.

- Səfər Əbiyevlə münasibətləriniz qalır?

- Bu haqda danışmaq istəmirəm.

- Kiminsə kiminləsə münasibətinin olması qəbahət deyil, sadəcə münasibətlərdən sui-istifadə etmək məsələsi var.

- O məsələləri şərh etmək istəmirəm. Yazdıqlarınızın əksəriyyəti həqiqətə uyğun deyil. Mən bunu deyirəm.

- Yazmışdıq ki, siz nəşriyyatda “ölü canlar” saxlayırsız, gənc kadrları işə qəbul etmirsiz. Bunlar həqiqət deyil?

- ...

Söhbətin bu hissəsindən sonra P.Abdullayev sualımızı dinləyib telefonu qapatdı. Sonrakı zənglərimizi də cavab vermədi.

Qeyd edək ki, P.Abdullayev noyabrın 12-də tutduğu vəzifədən azad edilib. APA-nın müxbirinin işdən çıxarılması ilə bağlı sualına cavab verərkən isə P.Abdullayev işdən azad olunmadığını deyib: “Yalan məlumatlardır, inanmayın”.

“Yeni Müsavat”a daxil olan məlumatda isə bildirilirdi ki, o, Hərbi Nəşriyyatı əldən vermək istəmir. Deyir ki, onu bu vəzifəyə təyin edən işdən çıxara bilər.  

Qaynağımız isə israr edir ki, noyabrın 13-də Hərbi Nəşriyyata yeni rəis də təyin olunub./musavat.com/

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->