Bir neçə gün öncə "Akkord" şirkətinin əməkdaşları Abşeron rayon, Xırdalan şəh., Bakı-Sumqayıt şossesinin 7-ci km-də inşa edilən 1 saylı binanın 11-ci blokunda yerləşən 29 saylı, 1 otaqdan ibarət, ümumi sahəsi 45.47 kv.m olan, tənqidçi jurnalist - Kanal13-ün yaradıcısı Anar Orucova məxsus mənzili dəmir alətlə qıraraq kilidi dəyişib və mənzili zəbt ediblər.
Qeyd edək ki, mənzildə A.Orucovun qardaşı, hazırda adı çəkilən kanalın baş redaktoru Əziz Orucov qeydiyyatda idi və həmin mənzildə yaşayırdı.
Qaaynarinfo-nun verdiyi xəbərə görə, 27 min manat dəyərində olan mənzil kreditdə olub. Ə.Orucovun bildirdiyinə görə, bu günə qədər mənzil üçün 21 560 AZN ödəniş ediblər. Amma mənzili zəbt edən "Akkord" şirkəti yenidən həmin mənzili 27 min manata satışa çıxarıb.
"Bu illər ərzində həmin mənzildə mən yaşamışam, təmir elətdirmişəm, rəsmi şəkildə bu ünvana qeydiyyata düşmüşəm. Qeydiyyatı isə "Akkord” şirkətinin özü təsdiqləyib. Pandemiya zamanında kənddə qaldığımızdan evdə heç kim olmayıb. Bütün məişət, şəxsi əşyalarımız evin içində ola-ola şirkət əməkdaşları "lomla” kilidi qıraraq, yenisi ilə əvəz ediblər. Bu gün mən öz mənzilimə gedə bilmirəm, əşyalarımın taleyindən bixəbərəm. Kreditin yerdə qalan 5440 manatı ilə bağlı şirkətlə dəfələrlə müzakirələrimiz olub, yaxın zamanda məbləğin tam ödəniləcəyi bildirilib. Lakin bütün bu proseslərdən sonra evin vəhşicəsinə zəbt edilməsinin səbəbi nədir? Əgər bu sifariş deyilsə bəs nədir?” - deyə Ə.Orucov bildirir.
Bəs şirkət əməkdaşları mənzili hansı hüquqi əsasla zəbt ediblər? Şirkət ortada məhkəmə qərarı olduğunu deyir, amma həmin qərarla tanış olduqda çox ciddi ziddiyətlər ortaya çıxır (foto yazıya əlavə olunur):
Deməli, 2007-ci ildə Anar Orucovla "Akkord” şirkəti arasında Abşeron rayon, Xırdalan şəh., Bakı-Sumqayıt şossesinin 7-ci km-də, 1 saylı binanın 11-ci blokunda yerləşən 29 saylı, 1 otaqdan ibarət, ümumi sahəsi 45.47 kv.m olan mənzilin alınması ilə bağlı müqavilə imzalanıb. Məhkəmə sənədində isə hansısa 2 otaqlı, 69 kv.m-lik mənzil qeyd olunur. Digər bir qanunsuzluğa da diqqət edək. Deməli, 2007-ci ildə bağlanan müqavilənin nömrəsi 4228-dir, hakimin qərarındakı isə 4287 kimi qeyd olunur.
"Hesab edirəm ki, bu sırf əvvəlcədən düşünülmüş, bir sıra şəxslərdən ibarət mütəşəkkil dəstənin cinayəti və özbaşınalığıdır. Bu adamlar ya Zakir Qaralovdan sifariş alaraq biz jurnalistlərdə ölkə başçısına qarşı narazılıq yaratmağa çalışırlar, ya da hansısa anlamadığım başqa məqsədləri var" - Ə.Orucov deyir.
Qeyd edək ki, "Akkord" şirkətlər qrupunun sabiq Baş Prokuror Zakir Qaralova məxsus olduğu bildirilir.
Mövzu ilə bağlı bir neçə gündür mətbuatda yazılar dərc olunsa da, təəssüf ki, "Akkord" şirkəti nə məsələ ilə bağlı, nə də ortadakı ziddiyyətlərlə bağlı rəsmi mövqe açıqlamır.
Şərhlər