Hüseynbala Səlimov
Dünya 16:08 14.04.2021

Zelenski müharibəyə hazırlaşır?..

Hüseynbala Səlimov

Münaqişə bölgələrinə, xüsusən də Donbasa sistematik səfərlər, bu günlərdə Türkiyə prezidenti R.T.Ərdoğanla görüş və yetərincə kəskin bəyanatlar – bütün bunlar onu deməyə əsas verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Şərqi Ukraynanın problemlərini həll etmək üçün ciddi səylər göstərir və aramsız olaraq yollar axtarır.

Əvvəlki yazılarda da qeyd etmişdik ki, Azərbaycanın Dağlıq Qarabağda keçirdiyi uğurlu əməliyyatlar, öz ərazilərini düşməndən azad etməsi post–sovet məkanında artıq donmuş hesab edilən digər münaqişələrə də bir növ yeni impuls verdi. 

Amma burada çox bir ciddi nüans var: Dağlıq Qarabağ münaqişəsində Rusiya dolayı tərəf kimi çıxış edir, amma bunları Ukraynadakı və Gürcüstandakı münaqişələr haqqında demək olmur, burada əsas tərəfdən biri kimi elə Rusiyanın özü çıxış edir.

Odur ki, Ankara Ukraynaya məhdud çərçivədə siyasi və diplomatik dəstək verə bilər. Ədələt naminə demək lazımdır ki, Türkiyə prezidenti dəfələrlə ölkəsinin Ukraynanın ərazi bütövlüyünə dəstək verdiyini bəyan edib. Hətta ABŞ  prezidenti Donald Tramp Krımla bağlı nala-mıxa vuranda R.T.Ərdoğan Krımın Ukrayna ərazisi olduğunu deyirdi. 

Əslində burada Türkiyənin dəstəyindən daha çox ABŞ-ın və Avropa ölkələrinin dəstəyi özünü göstərməlidir. Amma bunu yetərincə müşahidə edə bilmirik. 

Aydın məsələdir ki, ABŞ-ın yeni hakimiyyətinin problemə yeni yanaşmasını sezmək üçün müəyyən vaxt lazımdır. Biz bu sətirləri yazan zaman ABŞ-ın dövlət katibi Ukraynanın xarici işlər naziri ilə Brüsseldə görüşürdü. O ki qaldı yeni prezidentin – Baydenin yeni doktrinasına, bir az gözləmək lazım gələcək.

Hamı deyir ki, NATO və o cümlədən də onun nüvəsi ABŞ guya ki, Rusiyadan ehtiyat edir. Amma maraqlıdır, NATO təyyarələri keçmiş Yuqoslaviyanın səmalarında uçarkən niyə bu qorxu yox idi? Maraqlıdır, NATO gəmiləri Qara dənizin sularında üzərkən niyə Rusiyadan ehtiyat etmir?

Əlbəttə, bəzən məqsədə addım-addım getmək lazımdır. Həm də bir neçə amil var ki, o, bilavasitə Ukraynadan asılıdır. 

Birincisi, Ukrayna problemini həll etməyə ilk növbdə özü başlamalıdır. Əfqanıstan, ardınca da balaca Çeçenistan sübut etdi ki, Rusiyanın hərbi gücü haqda deyilənlər mifdən savayı bir şey deyil. Əfqanıstan partizan müharibəsi yolu ilə Rusiyanı, ərazisindən çıxmağa vadar edə bildi. Ukrayna inqilablar edə bilir, amma yeni liderlərlə onun sanki bəxti gətirmir. "Vətən müharibəsi” ssenarisi – Ukraynanın yolu budur və ondan qat-qat kiçik olan Azərbaycan da göstərdi ki, bu münaqişlərin bir həll yolu var – o da hərb yoludur...

İkincisi, Ukraynanın diplomatik dayaqları daha güclüüdür. Amma burada bir məqamı qeyd etmək lazım gəlir: bizə elə gəlir ki, Avropanın Ukraynaya münasibətində bir qeyri-səmimilik var. Məsələ bundadır ki, böhrandan çıxacağı təqdirdə Ukrayna Avropanın ən böyük dövlətlərindən biri ola bilər, belə perspektivsə heç də hamının ürəyindən deyil: Avropanın ağaları var, burada yalnız "nökər” vakansiyası boşdur.

Amma Ukraynanın demoqrafik, siyasi ərazi və hətta iqtisadi resursları NATO-ya və Avropa İttifaqına böyük töhfə verə bilərdi. Bizə elə gəlir ki, NATO ABŞ-la əlaqələrə daha çox üstünlük, bu istiqamətə daha çox önəm verməlidir. 

Məsələ bundadır ki, Avropada "dost”lar indi daha çox ABŞ-a lazımdır. Qeyd edək ki, belə bir siyasəti bir neçə ildir ki, qonşu Gürcüstan həyata keçirir, hər şeydə ABŞ-a birmənalı dəstək verir və deyək ki, bunun müəyyən nəticələri də var: ABŞ siyasətçiləri və diplomatları deyəndə ki, Tiflis onların sayəsində müstəqilliyni saxlayıb, müəyyən mənada haqlı və arqumentli görünürlər. 

Əlbəttə, Gürcüstan məsələsində digər amilləri də unatmaq olmaz: məsələn, Azərbaycanın dəstəyi xüsusi qeyd edilməlidir. Amma Rusiyanın bapbalaca prezidenti – Dmitri Medvedev Gürcüstanı tam işğal etmək əzmində idi və o vaxt onun yolunu əlbəttə ki, ABŞ bağladı...