Zəngəzur dəhlizinin açılması buna görə vacibdir - Deputat

Zəngəzur dəhlizinin açılması buna görə vacibdir - Deputat

Azərbaycan Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Zəngəzur dəhlizinin açılacağını bir daha bəyan edib. İşğaldan azad olunan ərazilərimizdə sözügedən dəhlizə inteqrasiya olunacaq infrastruktur işlərinə artıq başlanılıb. Horadiz-Ağbənd dəmir yolu xətti Azərbaycanın qərb hissəsi ilə Naxçıvanın Zəngəzur dəhlizi vasitəsi ilə birləşməsinə imkan verəcək. Naxçıvan ərazisində 16 km-ə yaxın dəmiryolu xətti də bərpa ediləcək.

Qaynarinfo xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib. Deputat bildirib ki, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiya olunacaq Zəngəzur dəhlizi nəinki bölgənin, bütövlükdə Türk dünyasının birləşməsinə imkan verəcək: 



"Layihənin iqtisadi üstünlükləri ilə yanaşı strateji əhəmiyyəti də kifayət qədər böyükdür. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Bu baxımdan, bu, eyni zamanda tarixi bir hadisə olacaq".

V.Bayramovun sözlərinə görə, bununla yanaşı, Zəngəzur dəhlizinin açılması kommunikasiyaların bərpası prosesində geri-dönməzliyin təmin edilməsi baxımdan da vacibdir: "Əslində, Zəngəzur dəhlizi Cənubi Qafqazda davamlı sülhə xidmət edəcək təşəbbüsdür. Bu dəhlizin istifadəyə verilməsi 10 noyabr tarixli birgə Bəyanatda təsbit edidiyindən, daha qısa zamanda Azərbaycanın qərb hissəsi ilə Naxçıvanın quru nəqliyyat yolu ilə birləşməsinin reallaşa biləcəyi anlamına gəlir. Bu, həmçinin bölgədə yeni düzənin formalaşdığından xəbər verir".
X
XƏBƏRLƏR
BLOGLAR