"Bütün kəndlər dağılıb, şəhər dağıdılıb, bir dənə də salamat kənd qalmayıb. Ona görə qubadlılıları buraya yerləşdirmək üçün əlbəttə ki, çox böyük işlər görüləcək. Burada infrastruktur işləri birinci sıradadır. İndi siz də gələndə gördünüz ki, çox geniş, dördzolaqlı yol çəkilir. Heç vaxt bu ölçüdə yol olmamışdır. Dar bir yol idi Zəngilandan Qubadlıya, Laçına. İndi biz Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkirik ki, bu yoldan insanlar rahat istifadə etsinlər. Eyni zamanda, burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün imkan olsun".
Qaynarinfo xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev oktyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
"Zəngilan hava limanı gələn il istifadəyə veriləcək. Zəngilan, Qubadlı faktiki olaraq bir zonadır, məsafə də çox böyük deyil. Ona görə qubadlılılar da bundan istifadə edəcəklər. Əlbəttə, Qubadlı rayonunun iqtisadi inkişaf planı ayrıca hazırlanmalıdır. Çünki infrastruktur layihələri təsdiq edilib. Sosial infrastrukturla bağlı Baş planda bütün məsələlər əhatə olunacaq - məktəblər, xəstəxanalar və digər sosial obyektlər, yaşayış binaları. Qubadlı şəhərində yaşayış binaları tikiləcək" , - deyə dövlət başçısı bildirib.
Şərhlər