"Həcc ziyarətini başa vuran azərbaycanlı zəvvarların ilk qrupu avqustun 18-də Məkkədən Mədinəyə yola düşəcəklər".
Qaynarinfo-nun məlumatına görə, bunu APA-ya açıqlamasında Azərbaycan Həcc missiyasının üzvü Vüsal Cahangiri bildirib. Onun sözlərinə görə, Mədinədə hər qrup 3 gün qalacaq. Bu səbəbdən avqustun 18-i Mədinəyə gedənlər avqustun 21-i saat 10:00-da yola düşəcək və 14:20-də Bakıya çatacaqlar. Sonrakı qruplar da mərhələlərlə Məkkədən Mədinəyə aparılacaq. Sonuncu qrup Məkkədən avqustun 22-də çıxacaq. Mədinədən çıxan sonuncu təyyarə avqustun 25-i saat 21:00 radələrində Bakıya çatacaq”.
V.Cahangiri bildirib ki, Həcc ziyarəti zamanı bir zəvvar, 1950-ci il təvəllüdlü Bəhmən Şükürov dünyasını dəyişib: "Digər zəvvarlarımızın səhhəti normaldır. Əvvəllər ziyarət zamanı zəvvarların çoxu güclü qripə tutulurdu, bu il qripə tutulanların sayı azdır. Missiyada 5 həkimimiz var, onlar özlərilə lazım olan bütün dərman ləvazimatlarını gətiriblər”.
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota ayrılıb. Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edib.
Şərhlər