"Oyun gərgin oldu, maraqlı keçdi. "Kəpəz"in qış fasiləsindən sonra heç bir komandaya asan məğlub olmadığını, sonadək mübarizə apardığını bilirdik".
Qaynarinfo Report-a istinadən xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Ayxan Abbasov Gəncədə Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turu çərçivəsində "Kəpəz"lə qarşılaşmadan sonra keçirdiyi mətbuat konfransında deyib.
Baş məşqçi əlavə edib ki, "Kəpəz" hətta hesabda geri olduğu oyunlarda son dəqiqələrdə qol vuraraq məğlubiyyətdən yaxa qurtarıb: "Öz komandam haqqında onu deyə bilərəm ki, uşaqlar verilən tapşırıqları meydanda yerinə yetirməyə çalışdılar. Bir qolumuz çatmadı. "Kəpəz"lə oyunda 3-4 dəfə qol şəraiti yaradıb ondan istifadə etməmək bizim üçün çətin oldu. Amma yenə də futbolçuları əzmkarlıqlarına, meydanda gərgin mübarizə apardıqlarına görə təbrik etdim".
Ayxan Abbasov əlavə edib ki, çempionat davam edir: "Bilirik ki, komanda çətin durumdadır, hər xal vacibdir. Amma yenə də komandanı yaxşı oyuna görə təbrik elədim, uşaqlardan razı qaldım. Gələn oyuna baxarıq".
"Zirə"nin baş məşqçisinin sözlərinə görə, 7 oyunu analiz etdikdə komandanın yüz faizlik qol epizodlarından istifadə etmədiyi məlum olur: "Birinci turda Sumqayıt"la oyunda, ikinci hissədə 3 yüz faizlik qol epizodumuz oldu. Düzdür, "Qəbələ", "Keşlə" ilə o qədər də yaxşı oynamadıq. Hər oyunda qol epizodları olur. Son 2-3 oyunda sabit oynayırıq. Futbolçularımız bir-birlərini indi daha çox anlayırlar. Çünki komandaya yeni gələn futbolçularımız da var. Məncə bizdə qol çatmır. Elə bir böyük problemimiz yoxdur. Əlimizdə yaxçı fürsət olsa da əldən verdik".
Şərhlər