Xəbər lenti

İdman 13:26 16.04.2024

Millimizin qapıçısı: “AÇ-yə final oynamaq üçün gedirik”

Yayda minifutbol millimiz Avropa Çempionatında iştirak edəcək. AÇ-nin favoritlərindən hesab olunan yığmamz qrupda Fransa İtaliya və Avstriyanı üstələməyə və ən azı finala qədər irəliləməyə çalışacaq. Son Avropa çempionu olmuş millimizin təlim-məşq toplanış üçün heyəti açıqlanıb.

Komandanın təcrübəli qapıçılarından olan Davud Kərimi Qaynarinfo-ya açıqlama verib. O, həm millinin hazırkı durumundan danışıb, həm də Avropa turnesindəki şansları dəyərləndirib:

"Komandamız həqiqətən çox yaxşı durumdadır. Çempionatımız da maraqlı keçir. Oynadığımız "Zirə” ən yaxşı klublardan idi. İndi digər klublar da güclənib, hər kəs minifutbola diqqət ayırır. Artıq minifutbola çox insan gəlməyə başlayıb. Bilirsiniz ki, bu, Azərbaycanda çox populyar futbol növüdür. Çempioantımız davam edir. Uşaqlar da yaxşı durumdadır. İnşallah Avropa çempionatında bizə güvənən insanların etimadını doğruldarıq”.

Kərimi, AÇ-nin qrupundakı rəqibləri, həmçinin heyətində xeyli dəyişiklik edilmiş millimizin Avropa çempionu olmaq potensialını da dəyərləndirib:
 


"İtaliya və Fransa ilə qarşılaşmışıq. Yalnız Avstriyanı tanımırıq. Çünki keçən çempionatda yox idilər. Qrupdan lider kimi çıxmağı planlaşdırırıq, buna qadirik. AÇ-dəki şanslarımıza gəlincə, dünən yığışmışıq. Elşad müəllim həmişə bizə güvənib. Dünya çempionatına yollananda da bu belə idi. Nəticə verməli idik, təəssüf ki, dünya dördüncüsü olduq. Baş məşçi həmişə bizə deyir ki, dünyanın ən yaxşı komandalarından biriyik və finalda oynamalıyıq. Biz də çempionata final oynamaq üçün gedirik. Elşad müəllim hansı dəyişiklikləri etdiyini bilir. Güclü komandalardan yaxşı, hərəkətli oyunçular seçib. İnşallah daha yaxşı nəticələr olar”.

Qapıçı yarışın favoritlərinin kimlər olduğunu da söyləyib:
 


"Hamısı yaxşı millilərdi. Belə baxanda, qrupumuzdakı İtaliya və Fransa yığmaları böyük futbolda öz sözlərini deyiblər. Amma minifutbolda yeni inkişafdadırlar. Fransanı Avropa və dünya çempionatında görmüşük. Hazırda ən yaxşı inkişafda olan İspaniyadır. Bu futbolun ən güclüləri isə hazırda Rumıniya, Çexiya, Slovakiya, Serbiya kimi millilərdir. Yəqin ki, AÇ-də digər rəqiblərimiz elə bu komandalar olacaq”.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?