Xəbər lenti

Putinin Zelenski ilə Moskvada görüşmək istəməsinin səhnə arxası (ŞƏRH)
Dünya 16:33 20.08.2025

Putinin Zelenski ilə Moskvada görüşmək istəməsinin səhnə arxası (ŞƏRH)

"Putin Zelenski ilə görüşmək istəmir. Çalışır ki, Trampın istədiyi belə bir görüş baş tutmasın. Ona görə də görüşün Moskvada olması variantının real olmadığını bilə-bilə sözügedən ikitərəfli təmasların məhz Rusiya paytaxtında keçirilməsini təklif edir".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Elçin Şıxlı Rusiya prezidenti Vladimir Putinin Ukrayna prezidenti Volodimir Zelenski ilə görüş məkanı olaraq Moskvanı təklif etməsinin səbəblərini şərh edərkən deyib. 

"Putin belə bir görüşdə maraqlı olsaydı, çox asan şəkildə Trampdan onun Alyaskada keçirilməsini xahiş edə bilərdi. Deməli, Zelenski ilə görüşmək istəmədiyindən ortaya Moskva variantını atır ki, görüş baş tutmasın", deyə Elçin Şıxlı bildirib.


 
Həmsöhbətimizə görə, digər tərəfdən, Zelenski ilə görüşdə maraqlı olmayan Putin bu fonda Tramp qarşısında pis vəziyyətə düşməmək üçün Moskva variantını ortaya atıb:

"Tramp bildirib ki, kim danışıqlardan imtina edərsə, həmin adam onun qarşısında olacaq və ona qarşı düşmənçilik edəcək. Putin isə açıq görünür ki, Zelenski ilə görüşdən qaçır. Lakin Tramp qarşısında olmamaq üçün məqbul olmayacağı öncədən bəlli olan təklifi ortaya atmaqla guya özünü təmizə çıxarmağı düşünür".

Politoloq Kamran Cəfərovun fikrincə isə Putin üçün Zelenski ilə görüşmək ciddi nüfuz itkisi olacaq: 



"Öncə qeyd edim ki, Trampın proqramında üçtərəfli görüş (Tramp, Putin, Zelenski) xüsusi yer tutur və Putin bu görüşdən imtina etsə, ABŞ Prezidenti bunu anlamayacaq. Çünki bu, Trampın bütöv strategiyasını faktiki olaraq pozmuş olacaq. Digər tərəfdən, bu məqama qədər Putin və rusiyalı təbliğatçılar xeyli səy göstərərək Zelenskinin "qeyri-legitim" olduğunu sübut etməyə çalışırdılar. Buna görə də, Putin üçün Zelenski ilə görüşmək ciddi nüfuz itkisi deməkdir. Xüsusilə də daxili auditoriya baxımından. Putinin hazırkı vəziyyətinin əsas paradoksu ondadır ki, hətta göstərilən ən minimum hədəf, Donetsk və Luqansk vilayətlərinin tam işğalı hələlik reallaşmayıb. Bu şəraitdə Zelenski ilə görüşmək Putini daxili auditoriya qarşısında olduqca zəif mövqeyə salır ki, bu da onun reputasiyasına ciddi zərbə vura bilər".

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Ukrana prezidenti Volodimir Zelenski, NATO rəhbəri və bir sıra Avropa İttifaqı ölkələrinin liderlərilə görüşündən sonra Rusiya lideri Vladimir Putin Zelenskiyə Moskvaya görüşməyi təklif edib. Zelenski də öz növbəsində görüş üçün Moskva variantını qəbul etməyib. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->