Bu fotoları Filip Blenkinsop 2003-cü ilin yanvarında Laosun şimalında, xmonqların düşərgəsində çəkib. Bu etnik qrupun nümayəndələri ilə görüşmək üçün fotoqraf təhlükəli dağ cığırlarından və sıx cəngəlliklərdən keçib. Fotolar Blenkinsopa Pulitser mükafatı qazandırıb, xmonq partizanları isə bir daha dünyanın yadına salıb.
Fotolarda kişilər, qadınlar, uşaqlar diz çökərək, göz yaşı tökərək yalvarırlar. 1975-ci ildə Laosda vətəndaş müharibəsi bitəndən sonra onlar ilk dəfədir Qərbdən gələn birisi ilə qarşılaşıblar. Və onlar Qərb fotoqrafının gəlişini amerikalıların Laosa dönməyi kimi qiymətləndirirlər. Və inanırlar – yankilər bu dəfə də onlara sahib çıxacaq, onları silahlandıracaq və gücə çevirəcək. Ya da heç olmasa rahat, təhlükəsiz yerə köçürəcək. Məsələn, ABŞ-a.
Biləndə ki, fotoqraf heç də ordunu və siyasəti təmsil etmir, xmonqları təəssüf və qorxu bürüyür. Onlar diz üstə çökərək "Bizi atıb getməyin. Kommunistlər gəlib bizi öldürəcək” deyirlər.
ABŞ artıq bir dəfə xmonqları satıb. Acaq xmonqlar yenə ümid edirlər.
Kimdir xmonqlar və onlar niyə qorxurlar?
1960-1975-ci illərdə ABŞ Laosa qarşı elan olunmamış müharibə aparıb. Onu "Məxfi müharibə” və ya "Gizli müharibə” də adlandırırlar. Həmin illərdə Vyetnam partizanlarının bazalarını vurmaq və onların Laosdan keçən kommunikasiyalarını kəsmək üçün ABŞ bu ölkəyə 1 milyon ton bomba atıb. Yəni, ölkənin hər kvadrat kilometrinə orta hesabla 10 ton, hər bir Laos sakinin hesabına isə yarım ton bomba düşür. Müqayisə üçün deyək ki, bu, 1941-1945-ci illər ərzində amerikalıların Almaniya və Yaponiyaya atdığı toplam bombalardan çoxdur.
Həmin vaxt Laosda kommunist Patet Lao partizanları fəaliyyət göstərirdi. Onların başında isə şahzadə Sufanuvonq dayanırdı. Onu "Qırmızı şahzadə” də adlandırırdılar.
ABŞ isə öz tərəfində vuruşmaq üçün xmonqları cəlb edirdi. Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri xmonq klanlarının başçıları ilə danışıqlar aparır, pul və nüfuz müqabilində onları kollaborasionistə çevirirdi. Patriarxal münasibətlərdə klan rəhbəri işğalçıya xidmətə keçirsə, artıq klanın digər üzvləri də onun mövqeyini müdafiə edirdi. Beləliklə, amerikalılar xmonqlardan bütöv bir ordu yaradır. Ordunun rəhbərliyi isə general-mayor rütbəsi verilən Vanq Paoya tapşırılır.
Əlbəttə, bütün xmonqlar ABŞ üçün vuruşmurdu. Kommunistlərin ordusunda da xmonqlar vardı, ancaq onlar sayca az idi. Və 1975-ci ildə "Gizli müharibə” bitəndə və amerikalılar bölgəni qoyub qaçanda bu amansız savaşda onların "sağ əli” olmuş, saysız-hesabsız qəddarlıqlara imza atmış, öz Vətəninə qarşı vuruşmuş xmonqları taleyin ixtiyarına buraxdılar. Yalnız Vanq Paonu və onun yaxın əhatəsiini özləri ilə ABŞ-a apardılar. Bu cəllad cəzasız qaldı və 2011-ci ildə ABŞ-da canını tapşırdı.
Xmonqlar isə törətdikləri çoxsaylı cinayətlərə və ağalarına xidmətlərinə görə cavab verməli olurlar. Onlar qaçılmaz və haqlı qisasdan qorxu ilə baş-başa qalırlar. Kölənin ağası çıxıb gedib, kölə özbaşına qalıb. Nəticədə hər üç xmonqdan biri ölkədən qaçdı. Təxminən 60 min xmonq isə Laosun ən yüksək nöqtəsi olan Fubia dağına sığınaraq yeni hakimiyyətdən uzaqda durmağı seçdi. Əlbəttə, kim amerikanlara muzdlulur etməyibsə, onlar təqib olunmadı. Bu gün Laosda 460 min xmonq yaşayır – bu isə ümumi əhalinin 7,4 faizi deməkdir.
İllər boyu işğalçılar üçün vuruşmuş xmonqlar isə müharibənin bitməsindən keçən 50 il ərzində hələ də Vyentyan hökumətini qəbul etmirlər.
Əvəzində isə onlar keçmiş sahiblərini – ameikalıları arzulayırlar. Bu şəxslər vaxtilə onları silahlandırıb öz ölkəsinə qarşı savaşa göndərənlərə hələ də xilaskar kimi baxırlar. Sanki "Karqo kultu”nun Laos variantı.
ABŞ üçün isə xmonqlar vur-tut istifadə olunandan sonra kənara atılmış və işlənmiş materialdır. Gəl bunu şəkildə ağlayan qadın və kişilərə başa sal. Onlar illüziyalarının əsirləridir. Çünki kölədirlər.
Ağa köləsini sərbəst buraxırsa, bu o demək deyil ki kölə azadlığı seçəcək. Sahibsiz kölə yenə kölədir. Ona sahib lazımdır – fərq etməz köhnəsi, yoxsa yenisi.
Və kölə ağasının qarşısında əyilib ağlayaraq onun qyıtması üçün yalvaracaq.
Vaxtilə Alber Kamyu "Mənim Azadlıq haqqında yalnız ən ümumi mülahizələrim var. Kimin ağası yoxdursa, o azaddır” yazmışdı. Artıq vəziyyət fərqlidir. Ağa yoxdur, qul isə ağasını axtarır...
Məmməd Süleymanov
Şərhlər