Türkiyə Super Kubokunun yarımfinal mərhələsində "Samsunspor"u məğlub edən "Fənərbağça" adını finala yazdırıb.
Qaynarinfo xəbər verir ki, Domeniko Tedeskonun baş məşqçisi olduğu İstanbul təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edib.
Qarşılaşmanın 4-cü dəqiqəsində Kerem Aktürkoğlu komandasını hesabda irəli çıxarıb. Matçın son nöqtəsini isə 67-ci dəqiqədə Con Duran qoyaraq "Fənərbağça"nın inamlı qələbəsini rəsmiləşdirib. Hər iki qolun ötürməsini A. Musaba verib.
Bu nəticə ilə "Fənərbağça" Super Kubokun həlledici oyununda əzəli rəqibi "Qalatasaray"la qarşılaşmaq hüququ qazanıb.
Xatırladaq ki, yarımfinal mərhələsinin ötən gün keçirilən ilk oyununda "sarı-qırmızılılar” "Trabzonspor”u 4:1 hesabı ilə məğlub edərək finala adlayıblar.
Qeyd edək ki, Türkiyə Super Kubokunun final qarşılaşması yanvarın 10-da Atatürk Olimpiya Stadionunda keçiriləcək.
Şərhlər