Qrenlandiya köpəkbalığı dünyanın ən böyük köpəkbalıqlarından biridir. Lakin olduqca yavaş böyüyür – bir neçə il ərzində cəmi bir neçə santimetr uzanır. Bu isə onun son dərəcə uzunömürlü olduğuna işarə edir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Discover Wildlife” yazır.
Qeyd olunur ki, 2016-cı ildə Kopenhagen Universitetinin dəniz bioloqları köpəkbalıqlarının göz büllurlarında radiokarbon analizi apararaq bu heyvanların yaşını müəyyənləşdirməyə imkan verən məlumatlar toplayıblar.
Radiokarbonla tarixləmə metodu daha əvvəl balinaların yaşını müəyyən etmək üçün istifadə edilsə də, balıqların yaşının hesablanmasında ilk dəfə tətbiq olunub.
Tədqiqatın nəticələri göstərib ki, Qrenlandiya köpəkbalığının ömür uzunluğu ən azı 272 ildir. Bu da onu elmə məlum olan ən yaşlı onurğalı heyvan edir. Araşdırmanın nəticələri ABŞ-nin "Science” elmi jurnalında dərc olunub.
Maraqlıdır ki, tədqiqat qrupu uzunluğu 81 santimetrdən 502 santimetrə qədər olan 28 dişi Qrenlandiya köpəkbalığının göz büllurlarını araşdırıb.
Əldə edilən məlumatlar göstərib ki, bu köpəkbalıqları təxminən 150 yaşında cinsi yetkinliyə çatır. Ən böyük fərdin yaşı isə təxminən 400 il olaraq qiymətləndirilir. Onların uzunluğu 7 metrə, çəkisi isə demək olar ki, bir tona çata bilər.
Məqalənin aparıcı müəllifi Yulius Nilsen gözün köpəkbalıqlarının yaşının müəyyən edilməsində niyə həlledici rol oynadığını belə izah edib:
"Digər onurğalılarda olduğu kimi, göz bülluru metabolik baxımdan passiv olan xüsusi toxuma növündən ibarətdir. Büllurun mərkəzi köpəkbalığının doğulduğu andan dəyişmədiyi üçün toxumanın kimyəvi tərkibi onun yaşını müəyyən etməyə imkan verir. Qrenlandiya köpəkbalıqları planetdəki ən iri yırtıcı köpəkbalıqları sırasındadır və Arktika ekosistemində ali yırtıcı kimi rolu ciddi şəkildə qiymətləndirilməyib. Şimali Atlantikdə minlərlə belə köpəkbalığı təsadüfi ov kimi tora düşür və ümid edirəm ki, bizim araşdırmalar gələcəkdə Qrenlandiya köpəkbalığına daha çox diqqət ayrılmasına kömək edəcək”.
Aydın
Şərhlər