Miladla Yeni il arasında qalan günlər Miladı qeyd edən bir çox insan üçün zaman hissinin itdiyi, günlərin bir-birinə qarışdığı qəribə bir dövrdür. Köhnə ilin bitdiyi, lakin yenisinin hələ tam başlamadığı bu boşluq 1994-cü ildə Kiribatidə yaşananları xatırladır. Çünki həmin il bu ada ölkəsində yaşayanlar üçün 31 dekabr tarixi təqvimdə ümumiyyətlə mövcud olmayıb.
Qaynarinfo xəbər verir ki, Sakit okeanın ortasında yerləşən, kiçik mərcan adalarından ibarət Kiribati 1995-ci ilə qədər coğrafi mövqeyinə görə olduqca maraqlı bir problemlə üzləşirdi. Ölkə dünyanı şaquli şəkildə bölən və günləri bir-birindən ayıran Beynəlxalq Tarix Xəttinin üzərində yerləşirdi. Bu isə eyni ölkənin bir hissəsində cümə olduğu halda, digər hissəsində şənbənin yaşanması demək idi.
Əslində texniki zərurətdən yaranan bu xəyali sərhəd hər hansı beynəlxalq qurumun sərt nəzarəti altında deyil. Lakin ticarət, nəqliyyat və gündəlik həyat üçün həyati əhəmiyyət daşıyır. Kiribati bu xəttin tam üzərində yerləşdiyinə görə ölkə daxilində 23 saata çatan vaxt fərqləri yaranırdı. Qərbdəki adalarla şərqdəki adalar arasındakı bu fərq idarəetməni mümkünsüz edən ciddi logistik problemə çevrilmişdi.
Bu qarışıqlığa son qoymaq istəyən Kiribati hökuməti 1994-dən 1995-ə keçərkən radikal addım atıb. Tarix xəttinin istiqaməti bütün adaların eyni günə daxil olacağı şəkildə şərqə doğru dəyişdirilib. Bu gün dünya xəritələrində Sakit okeanın ortasında görünən iri ziqzaq məhz Kiribatinin bu qərarının nəticəsidir.
Lakin bu dəyişiklik üçün bir gün qurban verilməli idi. 1994-cü ilin sonunda ölkənin müəyyən bölgələrində yaşayan insanlar 30 dekabr gecəsi yatıb oyandıqda özlərini birbaşa 1 yanvar səhərində tapıblar. 31 dekabr 1994-cü il bu insanlar üçün heç vaxt yaşanmayıb və həmin yeni il gecəsi qeyd olunmadan ötüb keçib.
Zamanı dəyişmək və təqvimdən gün silmək uzaq ehtimal kimi səslənsə də, oxşar hadisə 2011-ci ildə Samoa və onun qonşusu Tokelauda da baş verib. Asiya və Sakit okean bölgəsindəki ticarət tərəfdaşları ilə eyni vaxt qurşağında olmaq istəyən bu ölkələr tarix xəttinin qərb tərəfindən şərq tərəfinə keçmək qərarı veriblər. Bu dəyişiklik zamanı onlar da 31 dekabr 2011 tarixini təqvimdən tamamilə siliblər. Bu cür qərarlar zamanın əslində nə qədər çevik və insan iradəsindən asılı bir anlayış olduğunu bir daha göstərir.
Aydın
Şərhlər