Xəbər lenti

Tramp zavallı dünyadan nə düzəldir?
Hüseynbala Səlimov
Dünya 11:43 26.01.2026

Tramp zavallı dünyadan nə düzəldir?

Biri BMT-yə alternativ sayır, digəri yeni təşkilatın gələcəkdə bütün konfliktlərə son qoyacağını bildirir, üçüncüsü isə onu təkqütblü dünyanın institusional tərtibatı-dizaynı hesab edir! Hətta "Kantın "Dünya dövləti” qurulur!” söyləyənlər də var!

Güman, oxucu söhbətin nədən getdiyini başa düşdü: Tramp növbəti geosiyasi şou başlayıb. Biz yeni təşəbbüsə elə bu aspektdən yanaşmağı məsləhət bilərdik və hətta Trampın bioqrafiyasından bir detalı heç vaxt diqqətdən qaçırmamağı tövsiyə edərdik: adam vaxtilə özünü şoumen kimi də sınayıb (uğursuz da olmayıb!) və elə siyasətçi kimi də hay-küylü qərarları, "siyasi şou”ları sevir...

Baxın, təşəbbüsə hələ 19–20 dövlət dəstək verib və onların da arasında ən "böyüyü” Macarıstandır; böyük Avropa dövlətləri, hətta ABŞ-ın ənənəvi müttəfiqi sayılan Böyük Britaniya kənardadır!

Bu detal istər-istəməz yadımıza onun birinci idarəçiliyi dövründə Yerusəlimlə-Qüdslə bağlı qərarını salır. Onda da bir-iki dövlətdən savayı heç kim dəstək olmadı, çünki Yerusəlim məsələsi də çox incə problemdir və məsələ tək İsrail-Fələstin problemi deyil, hərçənd, biz bir siyasi təhlilçi kimi Qüdsü İsrailə güzəşt etməyin tərəfdarıyıq: əlbəttə, onu Fələstin dövlətinin qurulmasına razı salmaq üçün, çünki az qala bir əsrdir davam edən münaqişədəki real mənzərəylə hesablaşmaq zorundayıq.

Belədəsə, daim qeyd edirik ki, ərəblərin az qala 20 dövləti var və Fələstin dövləti də qurulsa, bununla fələstinli ərəblər xoşbəxt olmayacaqlar; yox, orada da gec-tez bir çalmalı başa çıxacaq! Baxın, Mahmud Abbas neçə ildir Fələstin Muxtariyyətinə rəhbərlik edir? Məncə, orada heç bir seçki-filan keçirilmir! Amma az qala bir əsr əvvəl dünya Fələstin dövləti haqda qərar verib və insanlara bunu unutdurmaq asan olmayacaq...

Gələk Trampın yeni təşəbbüsünə. Yalançı olmaq istəmirəm, yaddaşım aldatmırsa, ötən əsrdə də bir Dünya Sülh Təşkilatı vardı və yenə də düz xatırlayıramsa, onun çox maraqlı adı olan bir rəhbəri də vardı: Romeş Çandra! O vaxt Brejnevdən çox sülhdən danışan yox idi və o, hara gedirdi bir söz deyirdi: "Miru mir!”, yəni "Dünyaya sülh!”. Buna görə ona həmin Sülh Təşkilatı ali mükafatını verdi deyəsən! Axırda nə oldu? Sovet İttifaqı Əfqanıstana girdi.

Odur, Trampdan da soruşmaq istərdik: cənab prezident, siz hansı sülhdən danışırsınız? İndi hamı baş sındırmırmı ki, əcəba, Tramp buzlu Qrenlandiyada nə görüb axı? Hamı fikirləşir ki, böyük sülhpərvər niyə görə Pentaqonun adını dəyişib "Müharibə Nazirliyi” qoydu? Bir kimsə anlaya bilmir ki, axı adam niyə Çini düşmən elan edib? Düzdür, Çin hələ də siyasi cəhətdən azad ölkə deyil, amma Pekinin bundan başqa axı hansı ciddi suçu var? Çinlilərin günahıdır ki, iqtisadi baxımdan hətta amerikalılardan fərasətli çıxıblar? Daha yaxşı olmazdımı ki, Tramp həm də bir keçmiş biznes adamı kimi bunun da səbəbləri haqqında düşünsün?

Eləcə də bəzi ölkələr, xüsusən Avropa və Ukrayna anlaya bilmir ki, Tramp doğrudanmı dünyada sülhü Putin Rusiyası ilə bərqərar etmək istəyir? Yaxşı olmazdımı ki, Putin bu sülhü postsovet məkanında bərqərar etsin? Kiyev kimi bir vaxt gözəl şəhər indi az qala humanitar fəlakət ərəfəsindədir! Budurmu Trampın sülhü?

Çox təəssüf, bizim insanlar bir şey olan kimi qayıdırlar ki, bəs yeni dünya nizamı yaranır! Belə deyil, əzizlərim, əksinə, dünyadakı olan-qalan köhnə nizamlar da dağıdılır, hərə öz "nizamını” qurmağa çalışır!

Tramp da BMT-nin guya heç də həmişə effektiv olmamasından danışır! Olsun! Haqlıdır! Amma on illərdir dünyanın nəhəng politoloqları, hətta siyasətçiləri bundan gileylənmirmi, bu böyük təşkilatı soyuq müharibənin mirasından azad etməyə çağırmırlarmı? İnanın, biz o yazıların hamısını vaxtında oxumuşuq! Çox haqlı idi insanlar!

Tramp da deyir ki, bəs Qəzzadakı müharibə zamanı BMT təsirli ola bilmədi! Düz deyir! Amma səbəbi, bəli, bunun səbəbi nədir? Təsəvvür edin, həmin ABŞ özü son bir-iki ildə İsrailə dəstək olmaq üçün az qala 30 dəfə veto hüququndan istifadə edib! BMT neyləsin? BMT-nin Baş katibini Təl-Əviv "persona non-qrata” elan edib! İnsafən, Quterriş daha nə edə bilərdi? BMT-ni iflic edən elə bu zəhrimara qalmış veto məsələsi deyilmi? Azərbaycan olaraq da bunun acılarını yaşamırdıqmı? Rusiya və Fransa veto hüququndan istifadə edərək Qarabağla bağlı bütün qərarları bloklamırdımı?

Razıyıq, BMT çox qüsurlu təşkilatdır, amma onu məhv etməkdənsə, bəlkə daha mükəmməl etməyin yollarını aramaq daha düzgün olmazdımı? Axı bunun üçün konkret siyasi "reseptlər” də var! Tramp vaxtında mistik Kabbalanı öyrənməklə də məşğul olub, başqa yerdə bunu yazdığımızdan təkrara varmayacam, həm də burada qüsurlu şey də yoxdur, Kabbalanı hətta dahi Eynşteyn də öyrənməyə çalışırdı!

Amma bizim mistik-kabbalist Trampımız niyə görə İsa Məsihin çox məşhur kəlamını xatırlamır: "Dağıtmağa gəlməmişəm!”. İnsanlar çox şey etməyə çalışıblar dünya üçün! Bunları məhv etmək yox, əksinə, təkmilləşdirmək lazımdır! Amma az qala hər həftə eşidirsən ki, ABŞ filan beynəlxalq təşkilatdan, sazişdən çıxdı! Belə şey olarmı?..

Gəlirəm Azərbaycanımıza. Tramp Qarabağ probleminin həllini az qala öz adına çıxmaq istəyir, amma gözünün içinədək yalan deyir! Bəli, adam Zəngəzur layihəsinə dəstək verir və çox böyük işdir bu, çünki vaxtilə insanlarımız az qala ABŞ və Avropa üçün "Cənubi Qafqaz dəftəri”nin tamam örtüldüyünü deyirdi, amma xoşbəxtlikdən belə olmadı və bir daha deyirik ki, bu, çox böyük işdir! İkincisi, Tramp Azərbaycanla da münasibətləri istiləşdirməyə başladı: bu da böyük işdir və buna görə də ona minnətdarıq! Hətta Mərkəzi Asiyanın-Türküstanın da bəzi avtoritar liderlərinə xitabən dəfələrlə yazmışıq ki, vallah, Trampın sizinlə heç bir işi yoxdur, Putinlə üzləşin, ABŞ liderinin, əksinə, regionunuza marağı var və hətta bu da Çinə görə olsa, buna da qəti təəccüblənmərik...

Oxucu soruşacaq ki, bəs onda Trampı niyə sevmirsən? Adamın siyasəti daha çox istisnalar üzərində qurulub, o, dünyanı sistem kimi qəbul etmir, əksinə, onu differensiallaşdırmağa-xırdalamağa çalışır. Onun üçün demokratiya və insan haqları kimi dəyərlərin heç bir önəmi yoxdur, adam daha çox "siyasi tacir”dir! Odur, demokratların ümidi qoca dünyaya — Avropaya qalıb, qitə hələ də bu dəyərləri arxa plana keçirməyə tələsmir.

İnanın, kiçik bir məsələni də araşdırmağa çalışmışam özüm üçün: Avropa və ya ABŞ niyə Saakaşvilinin azad olunmasını tələb etmir? Məlum olub ki, Avropa bunu dəfələrlə edib və indi də edir! ABŞ, daha çox da Tramp buna tələsmir! Bəlkə də ona görə ki, Saakaşvili Trampın "dostu” Putinin az qala şəxsi düşmənidir!..

Bir daha deyirik ki, Avropa Ukrayna məsələsində də, Putinə münasibətdə də daha prinsipialdır. Bəzi deputatlarımız iddia edir ki, guya Avropanın bütün deputatları korrupsiyaya qurşanıb! Hər dəfə belə söhbətləri eşidəndə yazmışam ki: "Qardaşlar, ən azı postsovet məkanında bizdən məharətli rüşvət alıb-verən yoxdur! Demirsinizmi avropalı siyasətçilər rüşvət istəyir? Verin rüşvəti, yoxsa pulunuz yoxdur?”. Eyni sözləri ABŞ-la bağlı deyərdik. Məsələ ermənilərin pulunda-filanında deyildi. Birincisi, orada ermənilər seçici kimi ciddi amildir. İkincisi, biz də inkar etmirik ki, ortada xristian söhbəti-filan vardı. Üçüncüsü, Qərb dünyası hələ bizimlə — şərqlilərlə, asiyalılarla bağlı bəzi stereotiplərlə vidalaşmaq istəmir. 

Üstəlik, bunun üçün ciddi əsaslar var: niyə görə sevməlidirlər bizi? Axı bəzi məsələlərdə həqiqətən də "fərqli sivilizasiyayıq” biz!..
Amma yenə ABŞ-dan çox fərqli olaraq, Avropada, məsələn, Çinə qarşı fobiya yoxdur! Bizim kimi ölkələrə gəldikdə isə, Avropanın ən azı İnsan Haqları Məhkəməsi var!..

Azərbaycan-Ermənistan məsələsinə gəldikdə, sözsüz, onlar da bu məsələdə bizə yardımçı ola bilmədilər. Amma bəziləri iddia edəndə ki, bəs müharibədən sonra Avropa Ermənistanda belə edir, elə edir, daim qeyd edirdik ki, narahat olmayın, Avropa Bakı ilə İrəvan arasındakı sülhə qarşı deyil, onlar praqmatik insanlardır, başa düşürlər ki, bölgənin Rusiyadan qopmasının yeganə yolu Türkiyə, Azərbaycan və Ermənistan arasındakı sülhdən asılıdır!

Bir də görürdün ki, hansısa "ekspert” şivən qoparırdı ki, bəs Avropa Paşinyanı filan tərəfə çəkir! Niyə olmadı bu? Niyə "Avropanın, ABŞ-ın tələbəsi” Paşinyan hələ ki Bakı və Ankarayla yaxınlaşmağa çalışır, hətta bunun üçün çox ciddi addımlar da atır!

İnanın, demirəm ki, Avropa-filan mələkdir! Əsla! Amma bütün hallarda, Brüssel Moskva, hətta Yelisey sarayı da Kreml deyil!

Siyasətçilər, hətta dövlətlər daim çalışmalıdırlar ki, onların düşmənlərinin sayı az olsun! Bu, siyasətin ən ali qanunudur! Trampın da son təşəbbüsünə ciddi yanaşmasaq da (orada məncə, nə Qəzzanın adı çəkilir, nə də Fələstin Muxtariyyəti hansısa formada təmsil olunur! Həm də Putin və sülh tamam antaqonist anlayışlardır! Eyni sözü təəssüf, cənab Netanyahu haqda deyərdik) düşünürük ki, ən azı Zəngəzura görə ABŞ prezidentilə çox ciddi əməkdaşlıq etməliyik! Hərçənd bir milyard bizim üçün də az pul deyil, bununla Bakının bütün texniki-kommunal problemlərini həll edərdik: az qala bir azca artıq yağış yağan kimi şəhər suya qərq olur, həyat donur, hələ bunun heç şaxtasını — qarını demirik...

Hüseynbala Səlimov
--> -->