Xəbər lenti

Ölkə 14:14 11.03.2014

“Mesajımız Azərbaycanın gəncliyinə və gələcəyinədir” - MÜSAHİBƏ

“Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının və “Mesaj” layihəsinin rəhbəri Rövşən Nəcəfovun “Qafqazinfo”ya müsahibəsi

- “Mesaj” layihəsi nədir və fəaliyyəti hansı istiqamətdədir?

- “Mesaj” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə reallaşan layihədir. Layihə çərçivəsində video-çarx çəkilərək sosial şəbəkələrdə yayımlanıb. Həmçinin “Mesaj” adlı kitab çap olunub. Məncə, bunlar layihənin məzmununu tam açıq şəkildə ortaya qoyur. Bundan başqa, ölkənin bir neçə şəhərində - Gəncə, Mingəçevir, Quba və Xaçmazda gənclərlə ictimai müzakirələr keçirilib. Görüşlər zamanı gənclərə kitablar paylanıldı, video-çarx nümayiş olundu. Layihə “Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyası çərçivəsində icra edilir. Əsas ideya Azərbaycan gənclərinə xüsusi ilə tələbələrə uğur xətti təqdim etmək, Azərbaycanın gələcəyinə böyük inam yaratmaq üçün mesaj verməkdir. 

- “Mesaj” layihəsi çərçivəsində dərc olunmuş kitabın məzmunu nədən ibarətdir?

- “Mesaj” kitabında gənclərin, xüsusən xaricdə təhsil alan gənclərin ictimai və sosial mövzularda esseləri toplanıb. Hansı ki, həmin məqalələrdə təhsil almağın vacibliyi və ölkəmizin gələcəyinin quruculuğunda birbaşa iştirakçı olmağa çağırışlar var. Yeni nəsil gənclərinin fikir antologiyasını yaratmaq, region gənclərinin məqalələrini növbəti kitab layihələrində toplamaq niyyətindəyik. Gələcək nəsillər üçün material baza yaratmaq və uğur xəttindən yararlanmaq təqdim olunan kitabın əsas məzmunudur. 

- Layihədəki mesaj kimlərə ünvanlanıb?

- “Mesaj” Azərbaycanın gələcəyini düşünən sağlam gənclərə, gələcəyimizədir. Yəni ölkəmizin gələcək inkişafı istiqamətində gənclərin rolunu müəyyənləşdiririk. Bunun üçün 3 əsas açar söz var: Təhsil, Gənclik və Gələcək. Təhsilimizdən gənclərimiz, təhsilli gənclərimizdən isə gələcəyimiz formalaşacaq. Bir fərdin uğuru, onun təhsilindən asılıdır. Bir fərdin uğuru cəmiyyətin formalaşmasında nümunələr yaradır. Mesajımız Azərbaycanın gəncliyinə və gələcəyinədir.

- “Mesaj” layihəsinin ideyasının yaranmasına hansı faktorlar səbəb oldu?

- Layihənin hədəf istiqaməti regionlarda yaşayan gənclərlə ictimai müzakirələr keçirmək idi. Paytaxt gəncləri ilə komunikasiya istiqamətlərini gücləndirmək və gələcək layihələrə töhvələr vermək əsas faktorlardan biridir. Regionda yaşayan gənclər arasında təhsil almaqla bağlı müxtəlif stereotiplər mövcuddur. Cəmiyyətdə formalaşan uğur streotipini sındırmaq layihənin əsas məqsədlərindən biridir. Həmçinin, xaricdə təhsil almış azərbaycanlı məzunlarla tələbələr arasında şəbəkələşməni gücləndirmək, regionlarda yaşayan gənclər və tələbələr üçün uğurlu gənc modeli təqdim etməkdir. Cəmiyyət arasında Azərbaycan gənclərinin gələcək üçün mesajlarını təqdim etdik.

- Regionlara səfər zamanı gənclərin bu layihəyə münasibəti necə idi?

- Xüsusilə vurğulamaq istədiyim məqam budur ki, regionlarda gənclər təhsilli cəmiyyətin formalaşmasında daha istəklidirlər. Sosial işlərdə fəallıq, gələcəyin quruculuğunda vətəndaş iştirakçılığına töhvələr vermək istəyirlər. Gələcək layihələrdə bizimlə əməkdaşlıq etmək, müxtəlif ideyaları reallaşdırmaq üzərində müzakirələr etdik. Yaratmaq istədiyimiz fikir antologiyası ideyasını dəstəklədilər.

- Gələcəkdə bu layihənin davamlılığı olaraq hansı mesajlar veriləcək?

- Cəmiyyətin inkişafında gənclərin rolunun artırılmasında müxtəlif layihələr vasitəsilə mesajlar vermək niyyətindəyik. Peşəkar nümunələr yaratmaq və gəncləri stimullaşdıraraq yeni trendlər formalaşdırmaq istəyirik. Qeyri-formal təhsil metodu ilə maarifləndirmə prosesini sürətləndirəcəyik. Veriləcək müxtəlif mesajların bir məqsədi olacaq: Azərbaycanımız üçün dünya səviyyəli və rəqabətədavamlı kadrların yaratmaqda impuls rolunu oynamaq.

- Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Azərbaycan gəncləri üçün töhvəsini necə qiymətləndirirsiz?

- Hazırda ölkəmizdə gənclərlə bağlı fəaliyyət göstərən çoxlu sayda təşkilatlar, hökumət qurumları mövcuddur. Gənclərin təşəbbüslərini, ideyalarını, təkliflərini, istəklərini reallaşdırmaq, həyata keçirmək istiqamətində atılan addımları daha da sürətləndirmək Gənclər Fondunun prioritetlərindəndir. Çünki gənclər siyasəti dövlətimizin ən vacib prioritetlərindən birinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu gənclər siyasətində ictimai fəallığın artırılmasına artıq böyük pay sahibidir. Elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını təmin edən qurumdur. 

- “Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının növbəti layihələri hansı istiqamətlərdədir? 

- Kampaniya yarandığı müddətdən müxtəlif sosial və ictimai istiqamətlərdə layihələr icra edirik. Komanda şəklində icra etdiyimiz layihələrlə cəmiyyətə yeni trendlər təqdim olunur. Hansı ki, mövzular daha çox təhsil üzərində köklənir. Növbəti layihələr tolerantlıq, kimsəsiz uşaqlar və sosial məsuliyyəti artıracaq fəaliyyətlərə istiqamətlənmək istəyirik. Həmçinin “Mesaj 2” layihəsini hazırlayırıq. Mövzu isə bir az keçmişə daha yaxındır. Fərdi qaydada dəstəklənmiş layihələrə kampaniya olaraq könüllü dəstək veririk. İcra etdiyimiz layihələrdə film və kitab təqdim edərək gənclərlə ictimai müzakirələrin təşkil olunmasında maraqlıyıq. Xüsusən region gəncləri üçün uğur modelləri təqdim edərək gələcəyin quruculuğunda birbaşa iştirakçı olmaq gərəklidir. Ölkəmizin bütün regionlarına səfərlər etmək və gənclərlə görüşləri davam etdirmək istəyirik. Kampaniyanın daha çox gəncləri əhatə etməsi üçün fərdi qaydada icra olunan layihələrə dəstək veririk. Kampaniyanın fəaliyyəti könüllü, müxtəlif sahələrdə çalışan gənclərin təşəbbüsləri ilə formalaşır. 

- Gənclərin inkişaf perspektivlərini hansı istiqamətlərdə görürsünüz?

- Hər bir istiqamətdə. Azərbaycanımızın davamlı inkişafı üçün bizə müxtəlif istiqamətlərdə yüksək bilik və bacarıqlara yiyələnmiş gənclər lazımdır. Bunun üçün ilk növbədə təhsil almaq, qazandığımız təhsildən isə yararlanmaq lazımdır. Ən əsası isə bu uğuru paylaşmalıyıq ki, bu uğurlar nəinki özümüzə, hətta özümüzdə sonrakı nəsillərə bir örnək olsun.

- Gələcəklə bağlı hədəfləriniz nədir?

- Gələcəklə bağlı hədəflərimiz keçirdiyimiz bu layihələrin effektivliyini, miqyasını və prioritetlərini artırmaqla daha çox gəncə təsir etməkdir.  Bu yolla gənclərin maraqlarına cavab verəcək, onların inkişafına xidmət edəcək və ictimai fəallığını artıracaq layihələrə dəstək verməkdir. Fəaliyyətimiz müxtəlif hədəfləri özündə birləşdirən böyük bir prosesdir. Ən böyük hədəfimiz də bu prosesin davamlılığını təmin etməkdir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?