Xəbər lenti

Siyasət 11:35 18.03.2013

“ İsa Qəmbərin əlində faktlar varsa...” (İTTİHAM)

Sərdar Cəlaloğlu: “Ona səmimiyyətinə görə təşəkkürümü bildirirəm”

Dünən Müsavat Partiyasının başqanı İsa Qəmbər gənclərlə görüşü zamanı deyib ki, partiyamız müxalifətin birliyinin tərəfdarıdır. O bildirib ki, bəzi partiyalar tez-tez birlik məsələsini qaldırsalar da, əslində mövqeləri başqadır: “Azərbaycanda olan partiyaların bir qismi hakimiyyətin, bir qismi Rusiyanın, digər qismi də İranın nəzarətindədir. Əllərindən başqa iş gəlmir, tez-tez birlik çağırışı edirlər. Son iki ildə hansısa bir addım atıblarmı? Hansısa mitinq təşkil ediblərmi? Həmin partiyalarla hansı birlik əldə etmək olar? Gücləri yox, mövqeləri yox, amma deyirlər ki, “gəlin, birgə vahid namizədi müəyyənləşdirək”.

İsa Qəmbərin bu çıxışına Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu sərt cavab verib. ADP sədri Qaynar.info-ya açıqlamasında deyib ki, ölkədəki hansısa partiyanın xarici dövlətə işləməsi cinayətdir: “Azərbaycanda bəzi partiyalar, vətəndaşlar düşünürlər ki, uzun illərdir Rusiyaya arxa çevirmişik, ona görə bizə dəstək vermirlər, bəlkə Rusiya ilə yaxınlaşsaq daha yaxşıdır, pis-yaxşı 2 milyondan artıq vətəndaşımız da Rusiyada yaşayır. Sosial-iqtisadi münasibətlər baxımından bəziləri Rusiyaya əks qütbdə durmağı normal qəbul etmir. Bəzi qüvvələr isə bunun əksini düşünür. Hesab edirlər ki, Rusiyaya yaxınlaşmaq Azərbaycanın müstəqilliyini itirməsinə gətirib çıxara bilər. Bəzi qüvvələr də Türkiyəyə yaxınlıq edir. “İşləmə” bilirsiz, nə deməkdir?

Siyasi partiyaların işləməsi o deməkdir ki, Rusiyanın, Amerikanın xüsusi orqanlarından maliyyə yardımı alıb, həmin dövlətlərin burada siyasi tapşırıqlarını yerinə yetirirlər. Əslində bu Azərbaycan konstitusiyasında dövləti cinayət sayılır. Və bu cinayəti bilib xəbər verməmək özü də cinayətdir. İsa Qəmbərə məlumdursa ki, hansısa partiyalar xarici dövlətlərə işləyir və bunu milli təhlükəsizlik orqanlarına məlumat vermirsə, demək olar, cinayət daşıyır. Belə anonim şəkildə hansısa partiyalar xarici dövlərlərə işləyir demək, ölkədəki bütün partiyaları kölgə altına salır, bütün liderlərin fəaliyyəti şübhə altına düşür. Bu da qeyri-ciddilikdir. İsa Qəmbərin əlində belə bir faktlar varsa, desin. Əvvəlcə bu faktlar dəqiqləşdirilməlidir. Belə olmazsa, deməli, İsa Qəmbər həmin faktları əlində saxlayır və zaman-zaman şantaj məqsədi kimi istifadə edir. Bu nə deməkdir?! Əgər Sizdə məlumat varsa ki, Sərdar Cəlaloğlu İrana, Amerikaya, Türkiyəyə, Ermənistana işləyir, milli təhlükəsizlik orqanlarına müraciət edin, ən ciddi tədbirlər görülsün. Yox, əgər Sizdə belə dəqiq məlumat yoxdursa, bu yalnız mülahizədirsə, belə mülahizlərlə ölkədəki bütün siyasi qüvvələri danlaq, şübhə altında qoymaq olmaz. Bunun özü bir xəyanətdir”.

Sərdar Cəlaloğlu İsa Qəmbərin vahid namizədlə bağlı fikirlərinə görə ona təşəkkür edib: “Vahid namizəd məsələsindən geri çəkilməsini məsuliyyətdən qaçmaq kimi dəyərləndirmişdik. Ola bilərdi ki, İsa Qəmbər müxalifətin vahid namizədi olsun, amma o bu ağır məsuliyyəti üzərinə götürmədi. Bu məsuliyyətdən qaçmaq üçün ideyanın əleyhinə çıxdı. Ona səmimiyyətinə görə təşəkkürümü bildirirəm”.


İlkin
Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->