Xəbər lenti

11 sentyabrın ildönümü, şəffaf seçki qutuları günü...
Nərmin Həsənli
Ölkə 14:05 11.09.2021

11 sentyabrın ildönümü, şəffaf seçki qutuları günü...

Nərmin Həsənli

Bir müəllimim deyərdi ki, sonda deyəcəyi sözü əvvəldə deyən insanlar məğlubiyyətə məhkumdur. 

Ona görə də indi hamı - 15 yaşında intihar edən gənclər də, intim videoları yayılan qocalar da, tik-tok videosu çəkən orta yaşlılar da, onları izləyən kütlə də, hətta Qarabağ sülhməramlıları da məğlubdu. Bu bir cümlədə son həftəmizin gündəmini sadaladım. Necə cılızlaşmışıq, fərqindəsiniz? Çox üzücüdür. Çünki övladım bu cəmiyyətdə böyüyəcək. "Əşi, bunun da bir uşağı var”, deyə fikirləşdinizsə, bu, daha üzücüdür. Deməli, siz lap dibdəsiniz. Çünki o uşaqdan hamımızın evində biri, ikisi, üçü böyüyür. Və evdə ona nə öyrətsən də, insan cəmiyyətdə formalaşır. Hə, çox üzücüdür...
Hər səhər olduğu kimi, internetdə tarixdə bu günümüzə baxdım. Maraqlı bir hadisə oxudum. Sən demə, 2003-cü il tarixdə bu gün Almaniya Azərbaycana şəffaf seçki qutuları hədiyyə göndərib. Yəqin ki, seçkilərin daha şəffaf keçirilməsi üçün. Deyirəm, zalım uşağı bəlkə elə onunla da evimizi yıxıb. Çünki biri var, gözüyumulu aldanasan, biri də var göz görə-görə. Bilirsiniz də, insançün də hər şeyin çətini birinci dəfəsidir. Sonrası adiləşir. 

"Sonda deyəcəyi sözü əvvəldə deyən insanlar məğlubiyyətə məhkumdur”. Heç vaxt yadımdan çıxmaz bu cümləni ilk dəfə 3-cü kursda, 516-cı otaqda mühazirədə eşitdim. Yaddaşıma əbədi həkk olundu. Çünki həmin gün məhz o səhvi edib mühazirəyə girmişdim. Və cümlə şillə kimi üzümə çırpıldı. O an bütün başlanğıclarda dediyim son sözlər gözümün qabağından keçdi. O gündən bəri susuram. Xüsusən haqsızlığa. İndi hətta eşitmirəm. Hamı o qədər danışır ki... Niyə bu qədər uçurum kənarında dayandığımız bir dövrdə insanlar özlərindən bu qədər razıdı, ağıllarına bu qədər güvənir, anlaya bilmirəm. Məşhur bir deyim var: əgər dəli olduğunu düşünürsənsə, deməli, hələ dəli deyilsən. Buradan bir tənasüb çıxarmağınızı xahiş edəcəm: nə olduğunuzu düşünürsünüzsə, o deyilsiniz. Vallah deyilsiniz, billah deyilsiniz. Ona görə də hamınıza kənardan baxanda ancaq susa bilirəm. Nə dediklərinizi eşidirəm, nə gördüklərinizə baxıram. Doğru bildiyimi, rahat olanı edirəm. Ona görə yox ki, ağıllıyam. Ona görə ki, dincliyimi sizin qeyri-müəyyənliklərinizə sərf edə bilmərəm. Amma hərdən mən də doluram. Çıxıb qışqırmaq istəyirəm ki, yaxşı, pis fərq etmir. Yaşı, başı olan adamları qurşaqdan aşağı vuracaq, bunu "məzə”yə çevirib manşetlərə verəcək, statuslar yazacaq qədər nə vaxt çirkinləşdiniz? Problem məsələnin mahiyyəti yox, sözün əsl mənasında təzə video gözələyən kütləmizdədir. Bu kimi videoların sözsüz ki, ardı gələcək. Çünki başqasının mayka-tumanından zövq alan boş bir cəmiyyətlə əhatəliyik. Çox utancvericidir. 

Tural Abbaslının "Ümumilli lider” sualına "Məhəmməd Peyğəmbər” cavabını verməsi qədər gülünc, Sərdar Cəlaloğlunun hakimiyyətlə bağlı aldığı bütün suallarda Əli Kərimlini cavab olaraq təqdim etməsi qədər acınacaqlı vəziyyətdəyik. Və çox təəssüf ki, indi hamı Tural Abbaslı kimi gözünün düz içinə baxaraq səni gic yerinə qoymağa və hamı Sərdar Cəlaloğlu kimilərin savadından başqa hər şeyindən istifadə etməyə çalışır. Nə bilim əşi. Yenə də bu günə şükür. 11 sentyabr hadisəsinin 20-ci il dönümüdür. Ən azı manşetlərdə bir neçə saatlıq da olsa, normal informasiya yükü olacaq. Şükür...

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->