Nərmin Həsənli
Deyirlər ölünün arxasınca danışmazlar. Amma yəqin, bunu dirilərin arxasınca danışmaq mümkün olan vaxtda deyiblər. Odur ki, torpağı xəbər aparmasın, məni üzrlü sayın, amma, həqiqətən də, Səməd Vurğun XX əsr Azərbaycan ədəbiyyatının "belini qırıb”...
Yarım əsr yaşayan Səməd Yusif oğlu Vəkilovun 1956-cı il 27 mayda xərçəng xəstəliyindən bitən həyat yolunu və ədəbi fəaliyyətini istənilən mənbədən oxuya bilərsiniz. Mən isə bu gün sizə Müşfiq, Cavad, daha dəqiq desəm, repressiya haqqında yazarkən mənbələrdə adını tez-tez eşitdiyim Səməd Vurğunun "siyasi fəaliyyəti”ndən danışacağam.
Sabah Cümhuriyyətimizin 100 ili olacağını nəzərə alaraq şərqdə ilk demokratik respublikanın yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin şəninə "26-lar” poemasından bir hissə ilə başlayıram:
İndi xəbər verim oxucuma mən
O "millət rəhbəri” Rəsulzadədən;
Toplamış məclisdə müsəlmanları,
Yağlı vədələrə tutmuş onları;
Deyir: "Türkiyəni çağıraq gərək,
Bizə kömək olsun qılınc çəkərək.
Parlasın ədalət, mehri-hürriyyət,
Ucalsın göylərə şərəfi-millət!..
- Şarlatan!
- Afərin!
- Rəhbərə bir bax!..
- Vətəni yadlara bunlar satacaq!..
- Bir dayan!
- Nə dedin? - O bir xaindir.
Sözünün pərdəsi millətdir, dindir…
Yəqin ki, poemanı oxuyanlar həmin poemada Şaumyana yazılmış misralardan da xəbərdardırlar...
Xəlil Rzanın Səməd Vurğunla bağlı xatirələrində belə bir məqam diqqətimi çəkdi: "Ömrünün son illərində Vurğun daha fikirli, daha pərişan idi. O, Müşfiqi həyəcansız xatırlaya bilmirdi. Müşfiqin adı çəkiləndə tutqunlaşır, papiros yandırır, bəzən bir saat fikirləşir, yalqız düşünməyi üstün tuturdu. Müşfiqin adı çəkiləndə Səmədi heç vaxt sorğu-suala tutmazdım. Bilirdim ki, uzun müddət dinməyəcək, içəridə yanmaqla dərdlərini ovundurmağa çalışacaq. Hüseyn Cavid kimi böyük dramaturqun, Müşfiq kimi büllur istedadın məhv olmasını öz gözləri ilə görən və sonra bunun ən çirkin vasitələrlə həyata keçirildiyindən xəbər tutan Vurğun kimi həssas bir sənətkar çoxmu ömür sürə bilərdi?”
Kaş ki, Xəlil Rzanın "Facebook" hesabı olardı. Bu şeiri ona göndərərdim:
Sən ey böyük günlərin adına böhtan atan
Vətəninə, xalqına xain çıxan şarlatan!
"Gözəllik aşiqiyəm” deyən deyilmidin sən?
Ömründə bir yaxşılıq gəlməmişdir əlindən?
Adına millətçilər dedi "Böyük sənətkar”
Gəlin düz araşdıraq, sənin sənətinmi var?
Sən gecələr "Hamidi” vurub çilməyə getdin
Hərədən bir tük çəkib kosaya saqqal etdin.
"Azərbaycan şairi” olsa da murdar adın,
Soltanların, şahların sinisini yaladın.
⃰ ⃰ ⃰
Çapacaqdır atını döyüşlər meydanında,
Üzümüz ağ çıxacaq Stalinin yanında.
Ölsün bizim zəfərə inanmayan alçaqlar.
Səadətin bu yerdə yaşamağa haqqı var!
Deyim ki, şairin şarlatan sözünə olan sevgisi də gözümdən yayınmadı ha. Rəsulzadə şarlatan, Cavid şarlatan, Vurğun isə onları satan?
Səməd Vurğunun yaradıcılığına, istedadına söz deməyə mənim nə yaşım, nə haqqım, nə də bəlkə də savadım çatmır. Buna sözüm yox. Hansı məzhəbə xidmət etməsindən asılı olmayaraq əsərlərinin şeiriyyəti, axıcılığı, dil-üslub milliliyimizin qorunması və qüsursuzluğu danılmazdır. Amma belə bir deyim var, "avazın yaxşı gəlir, oxuduğun Quran olsa”…
Xatirələrdən birində deyilir ki, M.Ə. Rəsulzadəyə "26-lar”da Vurğunun onun haqqında yazdıqlarını çatdırırlar. Rəsulzadə poemada haqqında yazılanlara baxmayaraq, Səməd Vurğunu "Çağdaş Azərbaycan ədəbiyyatı” əsərində "milli şair” adlandırır, "Vaqif” dramını isə çağdaş Azərbaycanın ən uğurlu əsəri hesab edir. Yaradıcılığa şəxsiyyəti qatmadan obyektiv yanaşaraq, "Mən yanılmamışam. Əgər o məni bu cür təsvir etməsəydi, başqa milli mövzuda olan şeirlərini nəşr etdirə bilməzdi. Həm də o mənim adımı xatırlamaqla unudulmaz etmişdir. Zəkalı oxucu dərhal mənim kimliyimlə maraqlanacaq və hər şey ona bəlli olacaq"...
Məsələn, heç vaxt şahmatda vəziri, topu, atı piyada üçün qurban vermirlər. Düzdür, piyada irəliləyib düşmən mövqeyinin son xanasına çatdıqda vəzirə və ya şah xaric istənilən fiqura çevrilə bilir. Amma piyadanı qoruya-qoruya axıra çatdırıb vəzir etməkdənsə, vəzirə oyun nümayiş etdirmək üçün imkan vermək lazımdır deyə düşünürəm. Deməyim odur ki, kaş S. Vurğun Cavid əfəndiylə mübarizəsini "Xəyyam” - "Vaqif”, "Peyğəmbər” - "İnsan”, "Knyaz” - "Bəsti” kimi aparmağa davam edərdi. Daha "Zamanın bayraqdarı” üçün, Səməd Vurğun deyəndə "Azərbaycan”ını əzbər dediyimiz, əslində isə 1919-cu ildə Əhməd Cavadın "Azərbaycan” şeirinin bir növ "aranjeman”ına bənzəyən şeiri öznünküləşdirmək üçün, öz xatirələrində də dediyi kimi Mir Cəfər Bağırovun yanına gedib "vətən xainləri”nin adını "açıqlamazdı”.
Bəzi mənbələrdə o dövrdə Vurğunun da dəfələrlə baş idarəyə çağırıldığı, get-gələ salındığı yazılır. Düşünürəm ki, şairin Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, vitse-prezidenti olaraq baş idarəyə getməsi normaldır. Ya da başqa aspektdən yanaşsaq, axı Azərbaycan SSR əməkdar incəsənət xadimi, 2 dəfə Stalin, 2 dəfə Lenin, Şərəf nişanı ordeni və s. kimi mükafatlara "layiq olmaq”, həm də almaq üçün "baş idarə”də olmaq lazım idi. "Mükafat sayına görə” Məmməd Rahim, Süleyman Rüstəmlə "rəqabət” aparan, ədəbiyyatımızda poemanın ən gözəl nümunələrini yaradan xalq şairimizə Allahdan rəhmət diləyirik...
Şərhlər