"Əsas instinkt"in yenidən çəkilişinə start verilir: Kimlər rol alacaq?
Əfsanəvi "Əsas instinkt" filminin yenidən çəkilişi başlayır.
Qaynarinfo xəbər verir ki, "Variety" nəşrinin məlumatına görə, "Amazon MGM Studios"a məxsus olan "United Artists" studiyası bu layihənin ekranlaşdırma hüquqlarını əldə edib.
Məlumata görə, gələcək filmin ssenarisini 1992-ci ildə çəkilmiş orijinal ekran işinin müəllifi Co Esterhaz yazacaq. Filmin prodüserləri Skott Stuber, Nik Nesbitt və Kreyq Baumqarten olacaq. İcraçı prodüser qismində isə Adam Qriffin çıxış edəcək.
Baş rollarda kimin çəkiləcəyi və süjetin necə olacağı barədə hələlik məlumat verilmir.
Qeyd edək ki, Maykl Duqlas və Şeron Stounun baş rollarını canlandırdığı "Əsas instinkt" 90-cı illərin əvvəllərində dünya üzrə kino prokatında böyük uğur qazanıb. Film 350 milyon dollardan çox gəlir əldə edib və bir sıra nüfuzlu mükafatlara layiq görülüb. Xüsusilə, "Oskar"a iki nominasiyada təqdim olunub, həmçinin "Qızıl qlobus" və "MTV Movie Awards" mükafatlarını qazanıb.
Filmdə süjet xətti detektiv Nik Karranın amansız bir qətl hadisəsini araşdırması ətrafında cərəyan edir. İstintaq onu əsas şübhəli Ketrin Trammell ilə təhlükəli oyuna sürükləyir. Şeron Stounun canlandırdığı qəhrəmanın dindirilmə səhnəsi isə kino tarixində kult səhnələrdən birinə çevrilib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər