Xəbər lenti

17 il həbs cəzası alan azərbaycanlı kriminal avtoritet Bakıya gətirildi (VİDEO)
Video 20:33 07.02.2018

17 il həbs cəzası alan azərbaycanlı kriminal avtoritet Bakıya gətirildi (VİDEO)

Kriminal aləmdə "Gəncəli Firdovsi” kimi tanınan Firdovsi Mustafayevin cinayət işi üzrə məhkəməsi başa çatıb.

Lent.az-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Firdovsi Mustafayev 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmlə razılaşmayan "Gəncəli Firdovsi” apellyasiya şikayəti verib.

Bir neçə gün əvvəl isə Firdovsi Mustafayev Gəncədə yerləşən Penitensiar Xidmətin İstintaq Təcridxanasından Bakıda yerləşən vərəmli məhkumların saxlandığı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə gətirilib.

Xatırladaq ki, bir müddət əvvəl "Gəncəli Firdovsi” ilə Şəmkir rayonundan olan "Yetim Sabir” kimi tanınan avtoritet arasında həbsxanada vəziyyətə nəzarət etmək üstündə mübahisə yarandığı haqda məlumatlar yayılmışdı. Firdovsi "Yetim Sabir”ə hazırda Türkiyədə olduğu qeyd edilən "Lotu Quli”kimi tanınan Nadir Səlifovu oğru kimi tanımadığını bildirmişdi. Bundan sonra tərəflər arasında ciddi mübahisə yaranmışdı. Daha sonra mıtbuatda "Yetim Sabir”in bıçaqlandığı haqda məlumatlar getmişdi. Bu əməlin Firdovsi Mustafayev tərəfdən törədildiyi bildirilmişdi.

Qeyd edək ki, "Gəncəli Firdovsi” ötən il Sankt- Peterburqda həbs edilərək, Azərbaycana ekstradisiya olunub. O, 2015-ci il avqustun 3-də Gəncə şəhəri Nizami küçəsində 3 şəriki ilə birlikdə kütləvi davada iştirakda günahlandırılır. Dava nəticəsində Gəncə sakini,1985-ci il təvəllüdlü Niyaməddin Zeynalov bıçaqla qətlə yetirilib, 1986-cı il təvəllüdlü Cəlal Abdullayev isə qarın nahiyəsindən bıçaq yarası alıb.

Hadisədən bir müddət sonra isə Firdovsi Mustafayev Rusiyaya qaçmağı bacarmışdı.

Xatırladaq ki, Firdovsi Mustafayev ömürlük həbs cəzası almış Elşad Mustafayevin oğludur. Eyni zamanda, onun əmisi Mustafayev Məqsəd Teyyub oğlu da ömürlük həbs cəzasına məhkum olunub. Onların hər ikisi hazırda Qobustan qapalı həbsxanasında saxlanılırlar.

Mustafayevlər sabiq baş nazir Surət Hüseynovun işi üzrə, həmçinin 1993-cü il Gəncə hadisələri zamanı Samux rayon prokuroru Şəmşir Əliyevin qətlində günahlandırılaraq həbs ediliblər.

Həmin iş üzrə ittihama görə, 1993-cü ilin iyununda "surətçilər” dəstəsi Əliyevi öz kabinetindən çıxararaq, qonşuluqdakı məktəbin həyətində güllələyiblər.

Samux rayonunun sabiq icra başçısı Vaqif Mustafayev də həmin işlə bağlı həbs olunmuşdu. O, həbsxanada tutulduğu xəstəlikdən ölüb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->