Hacıqabulda mikroavtobusun qəzaya düşməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Qaynarinfo xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hazırda cinayət işi üzrə digər zəruri istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, məlum yol-nəqliyyat hadisəsi avqustun 11-də Hacıqabulun Muğan kəndi ərazisində qeydə alınıb. "Mercedes Sprinter" markalı mikroavtobus paytaxtdan Gəncə istiqamətində hərəkətdə olan zaman "Opel" markalı minik maşını ilə toqquşub. Daha sonra hər iki nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Qəza nəticəsində 19 nəfər yaralanıb.
Şərhlər