Ötən ilin dekabr ayında istifadəyə verilən "Babək” prospektinin bir hissəsində çökmə baş verib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Modern.az-a hadisə ilə bağlı açıqlama verib.
O bildirib ki, çökmə 2-3 metrlik hissədə baş verib:
"Hazırda əməkdaşlarımız ərazidədir. Deformasiyaya uğramış hissə bərpa olunur. Problemin hansı səbəbdən yarandığı araşdırılır”.
AAYDA rəsmisinin sözlərinə görə, çökməyə ilkin səbəb kimi yolun altından yenidənqurma zamanı çoxlu yeni kommunikasiya xətləri çəkilməsi ehtimal olunur.
Xatırladaq ki, prezident İlham Əliyevin sərəncamı ilə "Babək” prospektinin yenidənqurma işlərinə 2018-ci ilin dövlət büdcəsindən 20,1 milyon manat vəsait ayrılmışdı.
Qeyd edək ki, yenidənqurma işləri zamanı yeraltı kommunikasiya xətlərinin çəkilişi digər qurumlarla birgə aparılıb, prospekt boyunca 4 km-ə yeni yaxın kanalizasiya kollektoru, 1000 və 800 mm diametrli polad borularla 7 km uzunluğunda əsas magistral, prospektin sağ və sol hissəsi ilə polietilen borularla 11 km uzunluğunda paylayıcı kəmərlər olmaqla, ümumilikdə 30 km-ə yaxın su xətti çəkilib.
Bundan başqa aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunub, zəruri olan yerlərdə yeni sistem qurulub.
Şərhlər