Zaur Əliyev
Siyasət 18.01.2022

20 yanvar beynəlxalq cinayətdir

Beynəlxalq birlik Sovet Ordusunun 1956-cı ildə Budapeştə, 1968-ci ildə Praqaya təcavüzünə, o cümlədən 1989-cu ilin Tbilisi, 1991-ci ilin Riqa və Vilnüs hadisələrinə müvafiq hüquqi qiymət verdiyi halda, 1990-cı ilini Yanvar hadisələri Moskvanın hanısısa ekstremist qüvvələri zərərsizləşdirmək və guya dinc əhalini qırğınlardan, xaosdan qorumaq üçün atdığı məcburi addım kimi tanındı. O vaxtkı Azərbaycan rəhbərliyinin qorxaq siyasəti üzündən 20 yanvar nəinki beynəlxalq, hətta ittifaq müstəvisində (SSRİ-nin mövcud olduğu dövrdə) də layiq olduğu hüquqi-siyasi təsnifatı almamışdı.

Bakıya qoşun yeridilməsi və fövqəladə vəziyyət haqqında yanvarın 19-da imzalanan və faktiki olaraq cinayət baş verəndən sonra, 20-si səhər rəsmən elan edilən fərman həm SSRİ Konstitusiyasının (maddə 119), həm də Azərbaycan SSR-in Konstitusiyasının (maddə 71), habelə 1966-cı ildə qəbul olunmuş "Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın (maddə 1), digər beynəlxalq konvensiyaların kobud şəkildə pozulması idi. Azərbaycan SSRİ tərkibində müttəfiq respublika kimi beynəlxalq hüququn subyekti idi və 20 yanvar hadisələri ilə onun suverenliyinə təcavüz edilmişdi.
Hüquqi baxımdan, bu hadisələr BMT Baş Assambleyasının 1974-cü il tarixli Təcavüzün tərifi haqqında Qətnaməsinin 7-ci və 3-cü maddəsi konteksində silahlı təcavüzdür.

Başqa sözlə desək, bu təcavüz aktı SSRİ-nin müvafiq strukturlarının və silahlı qüvvvələrinin öz müqəddəratını təyin edib, milli dövlətçiliyindən məhrum edilmiş və öz dövlətçiliyini bərpa etməyə çalışan bir xalqa özünün "self-determination” hüququnu realizə etməyə zorakı vasitələrlə mane olmasında ifadə olunub.
Gürcüstan və Baltikyanı ölkələrdə də hərbi qoşun hissələri tərəfindən dinc nümayişçilərə qarşı silah tətbiq olunmuşdu.

Lakin Azərbaycanda baş qaldıran etirazlara qarşı törədilmiş 20 Yanvar hadisəsi öz qəddarlığı, misli görünməmiş vəhşiliyi və dağıdıcı miqyası ilə əvvəlki olaylardan çox fərqlənirdi. Xüsusi qəddarlıqla müşayiət olunan kütləvi qətliam aktının həyata keçirildiyi müddətdə SSRİ müdafiə naziri Dmitri Yazovun, daxili işlər naziri Vadim Bakatinin və digər yüksək rütbəli hərbçilərin Bakıda olması bu qanlı cinayət əməlinin əvvəlcədən planlaşdırılmış olduğunu göstərirdi. İmperiyanın hərbi qoşun hissələrinin fövqəladə vəziyyət elan edilmədən Bakıya yeridilməsi həm ölkə qanunvericiliyinin, həm də beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması demək idi.

SSRİ Müdafiə Nazirliyinin, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi "Udar” adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "ALFA” və SSRİ DTK-nın "A” təxribat qrupları oynayırdı. Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn təcili yardım maşınları və tibb işçiləri belə atəşə tutulurdular. Məhz buna görə də, 1990-cı il yanvarın əvvəllərində mərkəzin göstərişi ilə müxtəlif qoşun hissələri Bakıya gətirildi. Yanvarın 3-dən 6-na qədər Bakıda olmuş Moskva nümayəndələri Barannikov, Ludayuskas, Babkov və başqaları məxfi olaraq Gəncəyə gəlmiş SSRİ müdafiə naziri Yazov tərəfindən orada qəbul edilmiş, xüsusi tapşırıqlar almış və Bakıda "Tayfun”, yəni "Qasırğa” əməliyyatının planı hazırlanmışdı.
Bircə faktı vurğulamaq yetər ki, SSRİ prezidenti M.Qorbaçov Azərbaycanda həyata keçirilmiş əməliyyata yalnız bir dəfə, 1991-ci ildə, 20 Yanvarın ildönümündə Azərbaycan xalqına başsağlığı verməklə münasibət bildirmişdi.

1990-cı il yanvarın 22-də baş verənləri araşdırmaq üçün deputat-istintaq komissiyası yaradılmışdı. Qara Yanvar hadisələrinin təhqiqatı ilə məşğul olan bu komissiyanın fəaliyyəti dövründə 2500-dən çox insan dindirildi, ekspertiza keçirildi və hadisənin detalları barədə materiallar toplanıldı. İki il fəaliyyət göstərəndən sonra – 1992-ci ilin yanvarında qurum fəaliyyətini dayandırdı.

1992-ci ilin 19 yanvarında qəbul edilmiş "1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə qoşunların yeridilməsi ilə əlaqədar faciəli hadisələrin təfsilatının və səbəblərinin təhqiqi üzrə Azərbaycan Respublikası Ali Soveti komissiyasının işinin yekunlarına dair” Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının Qərarında da ölkənin ali qanunverici orqanının qeyd olunan komissiyanın fəaliyyətinin qənaətbəxş olması ilə kifayətlənməsi, qanlı hadisənin sifarişçiləri və icraçılarının göstərilməməsi Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan 20 Yanvar faciəsinə ciddiyyətinə və əhəmiyyətinə görə qiymət verilmədiyini bir daha təsdiqlədi.

Cinayət işi SSRİ-nin Baş Prokurorluğunda başlandığından 68 cildlik cinayət işinin materialları Moskvaya aparılıb.
 
Həmin materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna qaytarılması üçün sorğular və təqsiləndirilən şəxslərin tutulub istintaqa verilməsi üçün qanunla müəyyən edilmiş zəruri sənədlər Rusiya Federasiyasının hüquq mühafizə orqanlarına təqdim olunub.
Lakin həmin sorğulara indiyədək müsbət cavab verilməyib. Cinayəti təzədən araşdırmaq üçün heç bir şey etmək mümkün deyil. 20 yanvarla bağlı cinayət işlərini Moskvadan almaq mümkün olmur. Bu cinayət işlərini Azərbaycana vermirlər.
 
Təbii ki, beynəlxalq cinayət hüququnda ən ağır cinayət hesab olunan silahlı təcavüz aktını Azərbaycan xalqına qarşı törətdiyinə görə və ya törədilməsində bu və ya digər dərəcədə iştirak etdiyinə görə bütün təqsirli fiziki şəxslər cinayət məsuliyyətinə, bu silahlı təcavüz aktını törətmiş SRRİ dövlətinin hüquqi varisi olan Rusiya Federasiyası isə bir dövlət kimi siyasi və maddi məsuliyyətə cəlb olunmalıdır.
 
Məhz bu kimi nüanslara görə 20 yanvar hadisələrinə beynəlxalq hüquqi qiymət verilməyib.
 
Zaur Əliyev, dosent