20 Yanvardan sonra “Qardaşlıq” cəmiyyəti ilə Dubinyakı bağlayan nə idi?

20 Yanvardan sonra “Qardaşlıq” cəmiyyəti ilə Dubinyakı bağlayan nə idi?

”Açığı, belə sərəncam olduğunu xatırlamıram. "Qardaşlıq" cəmiyyəti Ayaz Mütəllibova bağlı olan bir qrup idi”.

Bunu Qaynarinfo-ya açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı Bakıda fövqəladə vəziyyət tətbiq ediləndən sonra şəhərə hərbi komendant təyin olunmuş general Dubinyakın imzaladığı əmrdən danışarkən deyib. Onun sözlərinə görə, onun apponentlərinə, həmçinin AXC-yə qarşı kəskin mövqe tutan bu təşkilat Mütəllibovun hakimiyyəti tərəfindən himayə edilirdi:
 
"Rus qoşunlarının Bakını işğal etdiyi dövrdə Moskvanın Azərbaycanda istinad etdiyi əsas şəxs Mütəllibov idi. Bunun nəticəsidir ki, hadisələrdən bir neçə gün sonra o Azərbaycan KP MK-nın I katibi vəzifəsinə gətirildi. Görünür, "Qardaşlıq" cəmiyyəti ilə əməkdaşlıq etmək də işğalçı qoşunlara Mütəllibov tərəfində tövsiyə olunub”.

Politoloq Ərəstun Oruclu belə bir əmrin imzalanmasının əsas məqsədinin Mütəllibovu qorumaq, ona nəzarət etmək üçün xüsusi qoçu dəstələri yaratmaq, onların əlilə regional zəmində bölücülük salmaq və xalqı parçalamaq idi:
 
"Əsas bu idi. Çünki həmin quruma yığdıları şəxsləri bakılı kimi təqdim edirdilər və qeyri-bakılı əhali ilə üz-üzə qoyurdular. İdeal parçalama sxemi. Yeri gəlmişkən, onların rəhbərliyində bakılı olmayan xeyli adamlar da vardı, amma özlərini bakılı kimi təqdim edirdilər. Məsələn, Nəsimi rayon şöbəsinin sədri Fərhad Süleymanov əslən şəkili ləzgi idi, amma özünü köklü bakılı kimi təqdim edirdi. Bir nəfər qarabağlı vardı, o da özünü bakılı kimi təqdim edirdi. "Qardaşlığ”ı rus hərbi kəşfiyyatı bakılıların təşkilatı kimi sırımaq istəsə də, Bakı kəndlərində əhalinin mütləq əksəriyyəti onları qəbul eləmirdi, bir çoxu isə heç bu haqda məlumata da malik deyildi. Həmin vaxt Bakı kəndlərini əsasən Bakı Kəndlər Birliyi təmsil edirdi və ona Nəsir bəy Ağayev rəhbərlik edirdi. Bu təşkilat isə AXC-ni dəstəkləyirdi və Mütəllibova qarşı idi. Gördüyümüz kimi, rus imperiyası bu məsələdə də bizi parçalamaq üçün açıq saxtakarlıqlar edirdi. Bakılılar həm 20 yanvarda, həm də ondan sonra mübarizənin önündə olublar. Fikirlərim yanlış anlaşıla bilər. Mənə hər bir azərbaycanlı doğmadır. Ya da kimsə məqsədli şəkildə yanlış yoza bilər”.

Xatırladaq ki, Bakıda fövqəladə vəziyyət tətbiq ediləndən sonra şəhərə hərbi komendant təyin olunmuş general Dubinyak ilk baxışdan çox qəribə bir əmr imzalayıb. Həmin əmrdə Bakı rayonlarının hərbi komendatları "Qardaşlıq" cəmiyyətinin rəhbərlərilə sıx əlaqədə işləməli olduqları, onların tövsiyələrinə əməl etmələri göstərilib. 

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR