Ekonomiks 18:37 27.05.2018

“200 manat qovğası” bitmir: Piar, yoxsa zərurət?

Azərbaycanda dövriyyəyə yeni 200 manatlıq əsginaslar buraxıldı. Mayın 23-də keçirilən təqdimat mərasimində Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib ki, 200 manatlıq pul nişanının tədavülə buraxılması barədə qərar ölkə iqtisadiyyatının dinamik inkişafını, dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişiklikləri nəzərə alaraq, eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsi məqsədilə qəbul edilib.

Qeyd edək ki, yeni pul nişanının dizaynı hazırlanarkən müsabiqədə ABŞ-ın "Crane Currency” şirkətinin təqdim etdiyi dizayn qalib seçilib. Bu dizayna bir sıra şirkətlərin təqdim etdiyi mütərəqqi mühafizə sistemləri inteqrasiya edilməklə pul nişanı "Giesecke+Devrient” şirkətində istehsal olunub.

Ekspertlər hesab edir ki, iri nominallı pul nişanlarının dövriyyəyə buraxıldığı təqdirdə valyuta əməliyyatlarında xırda pul əsginaslarının tamamilə sıradan çıxmasına səbəb ola bilər. Hazırda bir sıra xırda pul əsginasları, əsasən 1, 3 və 5 qəpiklər ticarət müəssisələrində qalıq kimi istifadə olunur. Hətta inflyasiyanın səviyyəsilə əlaqədar olaraq 10 və 20 qəpiklik əsginaslar da dəyərini itirmək təhlükəsilə üzləşə bilər. İstənilən halda böyük nominallı əsginasların dövriyyəyə girməsi, ilk növbədə inflyasiyaya təsir edir. İqtisadçılar hesab edir ki, pul dövriyyəsinə iri nominallı əsginasların buraxılması üçün real iqtisadi zəmin yoxdur.

"200 manatlıq əsginasları Mərkəzi Bankın piar kampaniyası hesab edirəm”

İqtisadçı-ekspert Nazim Bəydəmirli "Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycan kimi kölgə iqtisadiyyatının səviyyəsi yüksək olan ölkələrdə böyük nominallı əsginaslar buraxmaq iqtisadiyyata çox ciddi fəsadlar törədir: "İri nominallı əsginaslar buraxmaq əvəzinə, nağdsız hesablaşmaları stimullaşdırmaq lazımdır. Nağdsız hesablaşmaların stimullaşdırılması haqqında ölkə başçısının sərəncamı var idi. Ancaq çox təəssüf edirəm ki, Mərkəzi Bank və digər hökumət orqanları əks yolu tutublar. Doğrudur, katostrafik böhran baş verməyəcək. Amma həmişə iri nominallı əsginaslar buraxılan zaman inflyasiya yaranır. Bu, sadəcə olaraq nağd pul daşıyanlara və nağd pul hesablayanlara vaxt itkisi və həcm baxımından sərfəlidir. Əgər ölkənin prioriteti şəffaflıqdırsa, eyni zamanda nağdsız ödənişləri stimullaşdırmaqdırsa və kölgə iqtisadiyyatını azaltmaqdırsa, o zaman 200 manatlıq banknotlar haradan çıxdı?!

Elə ölkələr var ki, onlarda xidmət və digər sektorlarda təqribən 95-98 faiz xidmətlərin nağdsız hesablar üzərindən aparılır. Əməliyyatlar posterminallar, debit və kredit kartları ilə nağdsız ödənişlərlə həyata keçirilir. Ona görə 200 manatlıq əsginaslar buraxılmasını Mərkəzi Bankın piar kampaniyası hesab edirəm. Bunu ictimaiyyətdə gündəm yaratmaq kimi qiymətləndirirəm. Elə bir iqtisadi termin tapmaq olmur ki, yeni banknotların dövriyyəyə buraxılmasına haqq qazandırsın. ABŞ kimi inkişaf etmiş bir ölkənin ən iri banknotu 100 dollardır. Hesab edirəm ki, hazırda Azərbaycanda daha çox nağdsız ödənişlər stimullaşdırılmalı idi. Bunun üçün də vergi güzəştləri tətbiq olunmalı, eyni zamanda həvəsləndirici kampaniyalar aparılmalı idi və.s. Qənaətimcə, dövlət qurumları bununla məşğul olmalı idi, nəinki piar kampaniya ilə gündəmi zəbt etməlidirlər”.

İqtisadçının hesab edir ki, nağd pul bank və xidmət sektorunun xidmətinin bir hissəsini qarşılamaq üçün lazımdır: "Əslində pul kütləsi ümumi pul bazasının müəyyən bir hissəsi olmalıdır. Arzumuz ondan ibarətdir ki, bu, 20 faizi keçməsin. Ölkədə pul dövriyyəsi ümumilikdə çox ola bilər. Bunun iqtisadi sürətlə heç bir əlaqəsi yoxdur. Pul, sadəcə bir ödəniş vasitəsidir. Əgər nağd pul varsa, deməli elektron pul da var, hesablar arası hesablaşmalar da. Azərbaycanda vətəndaşlar nağd pula öyrənib. Ona görə də pensiya alan da, maaşını kartla alanlar da vəsaiti bankomatdan nağdılaşdırmağa can atır. Bu isə süni növbələr yaradır. Bəzən iri nominalları sonradan xırdalamaq üçün yerlər axtarırlar. Ölkədə 100 manata xırda tapmaq olmur, 200 manatı necə xırdalayacaqlar?! Yaşayış minimumu və ya minimum əməkhaqqı 130-180 manat olan bir ölkədə 200 manatlıq əsginas nəyə xidmət edir? Orta aylıq əməkhaqqı 550 manatdır. Əgər vətəndaşların hesablarına böyük maaş köçürülsə, nə olacaq?

Təbii ki, bankomatdan pul götürürlər komissiya itirirlər. Bunları vətəndaşa izah etmək lazımdır. Prezident nağdsız ödənişlərin stimullaşdırılması haqqında sərəncam vermişdi. Dövlət orqanlarına, eləcə də Mərkəzi Banka tövsiyə etmişdi ki, nağdsız ödənişlərin stimullaşdırılması ilə bağlı addımlar atılsın. Bir müddət dövlət büdcəsindən maliyyələşən təşkilatlarda əməkhaqqı kartlar vasitəsi ilə ödənilməyə başlandı. Amma bu proses yenə də yarımçıq qaldı, bankomatlar dövriyyəyə girdi. Posterminallar inkişaf etmədi, banklar bir-biri ilə rəqabət aparıb xidmət sektorunu bu işə cəlb etmədilər. Nəticə etibarilə kölgə iqtisadiyyatı yenə də ümumi daxili məhsulun (ÜDM) 80 faizindən yuxarıdır. Böyük nominallı əsginaslar kölgə iqtisadiyyatını daha da stimullaşdırır. Bu baxımdan 200 manatlıq əsginasların ölkə iqtisadiyyatı üçün heç bir müsbət tərəfini görmürəm. Bu ideyanı da piar kampaniya kimi dəyərləndirirəm”.

İqtisadçı-alim Fikrət Yusifov "Cümhuriyət” qəzetinə bildirib ki, dövriyyəyə 200 manatlıq əsginaslardan çox, aralıq pul nişanları olan 3 və 25 manatlıq küpürlərin buraxılmasına ehtiyac var: "İstənilən alış-veriş mərkəzlərində ən çox rast gəldiyimiz çətinlik 50 və 100 manatlıq küpürlərin xırdalanması ilə bağlıdır. Bu məsələ ilk dəfə 2016-cı ilin əvvəllərində gündəmə gələrkən biz bunun əvəzində dövriyyəyə aralıq pul nişanları olan 3 və 25 manatlıq küpürlərin buraxılmasını təklif etmişdik. Çünki 50 və xüsusən də 100 manatlıq küpürü satıcıya təqdim edən alıcılar bir çox hallarda pulun qalığını geri almaq üçün kifayət qədər vaxt itkisi ilə üzləşirlər. 

Aralıq pul nominallarının az olması, nağd hesablaşmaları bəzən kifayət qədər çətinləşdirə bilir. Tutaq ki, alıcının 1 manatlıq mal almaq üçün satıcıya təqdim etdiyi 5 manatdan satıcı hər birinin nominalı 1 manat olan 4 ədəd 1 manatlıq küpür qaytarmalıdır. Halbuki, dövriyyədə 3 manatlıq küpürlər olarsa, o, bunu 2 ədəd pul nişanı ilə - (3manat + 1 manat) edə bilər. Eyni qayda ilə 15 manatlıq mal üçün 50 manat təqdim etmiş alıcıya satıcı ən yaxşı halda 3 ədəd nominalı 10 manat olan və 1 ədəd nominalı 5 manat olan cəmisi 4 küpür qaytarmaqla hesablaşma apara bilər. Halbuki, dövriyyədə 25 manatlıq küpürlər olarsa, o, bunu iki küpürlə (25 manat + 10 manat) edə bilər”.

Ekspert qeyd edib ki, nağd pulla aparılan hesablaşmalarda həm alıcıların, həm də satıcıların vaxtına qənaət və onların bu əməliyyatları apararkən rahatlığının təmin edilməsi məqsədilə bu çox önəmli bir məsələdir: "İri nominalların dövriyyəyə buraxılması ilə bağlı əvvəlki illər dediyim fikirlərin üstündə bu gün də dururam. İri nominalların istifadə olunması tədavül prosesində çətinliklər yaradır. Artıq 200 manatlıq əsginas dövriyyəyə buraxılıb. Doğrudur, bunun elə bir ziyanı yoxdur. Ancaq bunun əvəzinə aralıq pul nişanlarının çap edilməsi daha yaxşı olardı”.