Şirkət Karyera Sərgisində iştirak edib
Tələbə və məzunlar üçün hər il ölkəmizdə keçirilən əmək yarmakalarında və sərgilərdə fəal iştirak edən Azercell bu dəfə də ənənəsinə sadiq qalıb. 27.02.2014-cü il tarixində Azərbaycan Diplomatik Akademiyasında keçirilən Karyera Sərgisində Azercell fəal iştirak edib. 50-ə yaxın şirkət, holdinq və bankın təmsil olunduğu Karyera Sərgisi artıq üçüncü ildir ki, Azərbaycan Diplomatik Akademiyası tərəfindən təşkil olunur. Tədbirin keçirilməsinin əsas məqsədi istedadlı gənclərin karyera qurmasına, ilk iş yerini tapmasına yardımçı olmaqdır.
Əmək sərgisində Azercellin ayrıca stendi nümayiş etdirilib. Şirkətin nümayəndələri Azercelldə işə qəbul olunmaq arzusunda olan məzunlar üçün informasiya sessiyaları təşkil ediblər. Yarmarka iştirakçılarının çoxsaylı sualları cavablandırılıb, bu şirkətdə karyera qurmaq istəyində olan gənclərə məsləhətlər verilib və onların müraciətləri üçün xüsusi elektron ünvan yaradılıb. Eyni zamanda Universitet məzunlarına Azercelldə vakant yerlər haqqında da məlumat verilib.
Məlumat üçün bildirək ki, Azercell Telekom MMC öz fəaliyyəti boyunca daim gənclərin inkişafına yönələn layihələr həyata keçirir. Şirkətin elan etdiyi Təqaüd Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz Azercelldən əlavə təqaüd alırlar. Eyni zamanda Azercell-in həyata keçiridiyi Sosial Layihələrin böyük bir qismi təhsillə bağlıdır. 2013-cü ildə Azercell ölkədə sosial layihələrin həyata keçirilməsi üçün 0.4 milyon manat, 17 il ərzində isə təqribən 14 milyon manat həcmində vəsait sərf edib.
2008- ildən bəri 108 nəfər gənc Azercell təqaüd və təcrübə proqramlarında iştirak edib, onlardan 9-u işə qəbul olunublar. Həmçinin, Azercell aparıcı universitetlərlə əməkdaşlıq edir, bu təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərir. Məhz Azercellin təşəbbüsü və dəstəyi ilə Qafqaz Universitetində ilk dəfə olaraq 4G laboratoriyası quraşdırılıb. Azercell bacarıqlı gənclərin uğurlu karyera qurması üçün öz dəstəyini heç vaxt əsirgəmir.
Qaynar.info
Şərhlər