Xəbər lenti

Prezident sərəncam imzaladı
Ekonomiks 19:10 20.08.2013

Prezident sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

AzərTAc xəbər verir ki, sənəddə deyilir: 

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası çərçivəsində Şəki şəhərində iri infrastruktur layihələri həyata keçirilmiş, Mərkəzi Rayon Xəstəxanası, Olimpiya İdman Kompleksi, Respublika Atçılıq İdman Mərkəzi inşa olunmuş, bir çox tarixi abidələr qədim memarlıq ənənələrinə uyğun olmaqla müasir şəkildə yenidən qurulmuş, elektrik stansiyası tikilmiş, yeni istehsal müəssisələri yaradılmış, abadlıq-quruculuq işləri görülmüşdür. 

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 

1. Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Şəki Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin".

X X X 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

AzərTAc xəbər verir ki, sənəddə deyilir: 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. On səkkiz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 2,5 milyon (iki milyon beş yüz min) manatı Şəki Şəhər İcra Hakimiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->