Xəbər verdiyimiz kimi, 18.10.2018-ci il tarixində Azərbaycan baş nazirinin sabiq müşaviri, eks kənd təsərrüfatı naziri Musa Məmmədovun kürəkəni, türkiyəli iş adamı Mustafa Erkin Karaman silahlı hücuma məruz qalıb. Belə ki, iş adamı İstanbulun Beykoz ərazisində maşınında atəşə tutulub. A.Ç və M.A.M tərəfindən Karamanın cipinə atılan 5 güllədən 2-si ona dəyib. Məlumata görə, biznesmen ərazidən yaralı halda uzaqlaşıb, daha sonra təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.
Musa Məmmədovun yaxını unikal.org-a bildirib ki, Mustafa Erkin Karaman güllələnmə hadisəsindən sonra xəstəxanaya yerləşdirilib. Qarın boşluğundan 2 güllə yarası alan biznesmen xəstəxanaya yerləşdirildikdən dərhal sonra həkimlər tərəfindən əməliyyat olunub. Xəstəxanada 3 gün qaldıqdan sonra evinə buraxılıb. M.Erkin hazırda amblator müalicə alır və həyatı təhlükəsi yoxdur.
Musa Məmmədov isə hadisədən 3 gün sonra Azərbaycan KİV-lərində xəbəri görüb və dərin narahatçılıq keçirməyə başlayıb. O, dərhal hadisə ilə bağlı kürəkəni Mustafa Erkin və qızı Günel Məmmədova ilə əlaqə saxlayıb. Kürəkəni səhhətinin yaxşı olduğunu və narahatçılıq üçün heç bir əsas olmadığını dilə gətirib.
Qeyd edək ki, hadisəni törədən A.Ç və M.A.M saxlanılıb. Onlardan 1 tapança və 2 ov tüfəngi götürülüb.
Xatırladaq ki, iş adamı Mustafa Erkin Karaman 2012-ci ildə Günel Məmmədova ilə Çırağan Sarayında evlənib. Günel Məmmədova Azərbaycan Respublikası Prezidentinin sabiq Müvəkkili Musa Salam oğlu Məmmədovun qızıdır. M.Məmmədov 1992-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib. Musa Məmmədov həmçinin kənd təsərrüfatı naziri vəzifəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Respublikanın əməkdar aqronomu, iqtisad elmləri doktoru, Dövlət mükafatı laureatı, ölkədə aqrar sənaye sahəsində və kənd təsərrüfatının inkişafında böyük xidmətləri olan əmək veteranıdır. İnam Kərimov Kənd Təsərrüfatı Naziri vəzifəsinə təyin edildikdən sonra onun xahişi ilə təcrübəsindən yararlanmaq qərarı verib. 87 yaşlı Musa Məmmədov hazırda nazirlikdə bitkiçilik və pambıqçılıq sahəsində mütəxəssis kimi çalışır.
Şərhlər