Dünya 13:45 03.12.2019

2019-cu ilin ən çox axtarılan sözü bəlli oldu

Müəyyən vaxtlarda 10 minlərlə insanın maraqla axtardığı sözləri ilin sözü olaraq seçən "Dictionary.com" 2019-cu ilin kəlməsini də açıqlayıb.

Qaynarinfo-nun xarici KİV-ə istinadən məlumatına görə, cari ilin sözü "Ekzistensial" (var olmaq - red.) olub. "Dictionary.com"dan verilən açıqlamaya görə, uzun müddətdir davam edən böhran, insanlıq və təbiətə qarşı ciddi təhdidlər, önəmli siyasi və sosial hadisələr səbəbindən bu söz lüğətdə ən çox axtarılan söz olub.

ABŞ-ın keçmiş vitse-prezidenti Cou Baydenin prezidenti Donald Trampı "ekzistensial təhdid" adlandırması, həmçinin Honq Konqdakı etirazlar, Notr-Dam kilsəsinin yanması, Dorian qasırğası və ABŞla Çin arasındakı böhranın da bu kəlmənin axtarılmasına təsir göstərdiyi bildirilib.

"Dictionary.com"un rəsmisi Con Kelli "ekzistensial" sözünün insanın həyatta qalmaq mübarizəsini əks etdirdiyini ifadə edib. O, 2020-ci il ABŞ prezident seçkilərində Vermontdan olan senator Berni Sanders və isveçli iqlim fəalı 16 yaşlı Qreta Zunberqin iqlim dəyişikliyini "ekzistensial" adlandırmasının da sözü önə çıxaran ünsürlər olduğunu deyib. Qurum rəsmisi "Oyuncaq hekayəsi 4" filmində də bu kəlmənin tez-tez işlədildiyini bildirib. O, u filmin ekzistensial təhdidləri ekzistensial seçimlərə çevirmə fürsəti verdiyini vurğulayıb.

Qeyd edək ki, ötən il isə ən çox axtarılan kəlmə "yanlış informasiya" mənasını verən "misinformation" sözü olmuşdu.
 
Camal