Xəbər lenti

Siyasət 15:48 02.05.2019

Prezident xarici qonaqları qəbul edib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymini qəbul edib.

Qaynarinfo xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymi V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini qeyd edərək "Bakı Prosesi”nin artıq təsisatlanmış bir mexanizmə çevrildiyini söyləyib. Bu gün Azərbaycanın nəqliyyat qovşağı olmaqla yanaşı, dialoq və əməkdaşlığın da qovşağına çevrildiyini qeyd edən Yusif bin Əhməd Əl-Osaymin Azərbaycanı dinc birgə yaşayışın rəmzi kimi xarakterizə edib. 

İslam Əməkdaşlıq Təşkilatının Baş katibinə Forumda iştirakına görə təşəkkürünü bildirən İlham Əliyev qonağın Forumun açılış mərasimində söylədiyi fikirlərin əhəmiyyətini vurğulayıb. Dövlət başçısı "Bakı Prosesi”nin mühüm beynəlxalq platforma olduğunu deyib. Bu prosesin 10 ildən artıq davam etdiyini və bu gün dünyada mədəniyyətlərarası əlaqələrin və dinlərarası əməkdaşlığın qurulmasında ən səmərəli mexanizmlərdən biri kimi tanındığını diqqətə çatdırıb.

Görüşdə İslam dünyasında birliyin və həmrəyliyin vacibliyi qeyd olunub. və Azərbaycanın bu istiqamətdə gördüyü işlər təqdir edildi, İslam Əməkdaşlıq Təşkilatının gündəliyində duran məsələlərə dair fikir mübadiləsi aparılıb.

İlham Əliyev həmçinin MT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Angel Moratinosu qəbul edib.

İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Angel Moratinosa V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına və ölkəmiz haqqında söylədiyi xoş sözlərə görə təşəkkürünü bildirib. Dövlət başçısı Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansı ilə yaxından əməkdaşlıq etdiyini vurğulayıb.

2007-ci ildə ATƏT-in fəaliyyətdəki sədri olarkən İlham Əliyevlə ilk görüşdən danışan qonaq həmin söhbət zamanı Azərbaycanın dövlət başçısının söylədiyi fikirləri bu gün də xatırladığını deyib. Forumun təşkilinə görə minnətdarlığını bildirən Migel Angel Moratinos Bakının dünyada dialoq mərkəzi kimi tanındığını, "Bakı Prosesi”nin önəmli bir platformaya çevrildiyini və zamanında irəli sürülmüş təşəbbüs olduğunu vurğulayıb. Bildirib ki, bu prosesin coğrafiyasının genişləndirilməsi və Azərbaycanın multikulturalizm ənənələrinin təşviqi böyük əhəmiyyət daşıyır.

Söhbət zamanı Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansına verdiyi dəstək yüksək qiymətləndirilib.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->