Məni bu illər ərzində səhvimlə, düzümlə dəstəkləyən bütün media dostlarım, yanımda çalışan dostlarım, məni mən edən dostlarım, mahnılarımla ağlayan, gülən, sevinən hər kəsə təşəkkür edirəm. Çünki bu ad mənim deyil, sizindir.
Bu sözləri "Xalq artisti” fəxri adana laiq görülən müğənni Röya Ayxan Oxu.Az-ın əməkdaşı ilə söhbətində bildirib.
Onun sözlərinə görə, bu fəxri ad ona olan sevgiyə görə verilib :
"Bu ad mənə sevgiyə görə verilib. Mən dövlət başçımıza təşəkkürümü bildirirəm. Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm. Ailəmi, valideynlərimi sevindirdiklərinə görə təşəkkür edirəm.
Mənimlə bərabər bu ada layiq görülən sənət dostlarımı da ürəkdən təbrik edirəm. Hamımızın gözü aydın olsun. Allah heç kimin əziyyətini yerdə qoymasın. Çox minnətdaram hər kəsə”.
Qeyd edək ki, Prezident Azərbaycan Respublikasının estrada ifaçılarına "Xalq artisti” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə Ağayeva Tünzalə Qabil qızı, Mirbabayev Mir Yusif Mir Heydər oğlu və Nəcəfova Röyalə Yaqub qızı "Xalq artisti” adına layiq görülüb.
Şərhlər