2020-ci ildə Yaz fəsli ölkəyə martın 20-də, Bakı vaxtı ilə saat 07:49:36-da daxil olacaq. Həmin gün Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir. Yəni, cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir. Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bununla da Şimal yarım kürəsiə Yaz fəsli daxil olur.
Bu barədə Qaynarinfo-ya Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Yay fəsli iyunun 21-də saat 01:43:42-də ölkəyə daxil olacaq. Buna həm də yay Günəş duruşu deyilir. Yəni Günəş üfüqdən ən hündür nöqtədə olur. Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən kiçik bucaq əmələ gətirir. Belə olan halda günəş şüaları yer səthinə, xüsusilə də şimal yarımkürəsinə yaxşı düşə bilir.
Payız fəsli sentyabrın 22-də saat 17:30:36-da qeydə alınacaq. Bu halda gecə-gündüz bərabərliyi baş verir. Buna adətən payız bərabərliyi də deyirlər. Bu halda Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarım kürəsindən Cənub yarımkürəsinə keçir.
Qış fəsli isə dekabrın 21-də saat 14:02:18-də ölkəyə qədəm qoyacaq. Bu zaman Günəş üfüqdən ən minimum nöqtədə olur. Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir. Ona görə də bu fəsildə soyuqlar müşahidə olunur.
Qeyd edək ki, 2020-ci ildə Yer Günəşə ən yaxın məsafədə - perihelidə 5 yanvar 11:48-də, ən uzaq məsafədə - afelidə isə 4 iyul 15:36-da olacaq.
Şərhlər