Xəbər lenti

Hara? Futbola...
Vüsal Bağırlı
İdman 18:35 22.09.2020

Hara? Futbola...

İdman həvəskarları, xüsusən də futbolla məşğul olanlar yaxşı bilir, yaş artıqca orqanizmdə istənilməz və qarşısıalınmaz təbii proseslər baş verir. Fiziki imkanlar tükənir, gücün, qüvvənin potensial ehtiyatı zəifləyir, sürət azalır, zədələnmə ehtimalı birə beş artır. 

Buna baxmayaraq, bəzi müsbət məqamları da qeyd etməyə dəyər: təcrübə, düzgün mövqe seçmə, meydançanı görmə bacarığı mükəmməlləşir, texniki ustalıq səviyyəsi artır. Bu isə, yuxarıda sadaladığım digər əyər-əskikləri kompensasiya etməyə imkan verir. 

Məsələn götürək, 41 yaşlı Canluici Buffonu. "Ağsaqqal” yenə də yüksək səviyyəli futbol sərgiləyir. 

Kriştiano Ronaldonun 34, Leo Messinin isə 33 yaşındadır.  Qaldıqca daha mükəmməl olan Burqundiya şərabı kimi, ikisi də ili ildən daha yaxşı oynayır, yüksək peşəkarlıq nümunəsi göstərir, "dünyanın ən yaxşısı kimdir” rəqabətində heç kəsə aman vermirlər.

Əslində, söhbəti bu cür uzaqdan gətirməkdə əsas məqsəd, ulduz futbolçulardan, bombardirlərdən, pleymeykerlərdən, futbol istedadlarından, nə bilim, Tottidən, Ronaldinyodan, Bekhemdən bəhs etmək deyil, kələfin ucunu bizim Tahir dayıya yönəltməkdir.

Onun nə az, nə çox, düz 65 yaşı var. Necə deyərlər, əsl pensiya yaşındadır. Vaxtaşırı bizimlə futbol oynayır. İlk maraq doğuran məqam odur ki, kişi oyuna bir həftə "Real”ın, növbəti həftə isə "Barsa”nın formasıyla gəlir. 

Səbəbini soruşduqda deyir, hər iki kluba azarkeşlik edirəm, ona görə. Belə qəribə olayla birinci dəfədir rastlaşıram və stajlı futbol azarkeşlərindən  soruşmaq istəyirəm: "bir-birinə yağı düşmən olan, nifrət edən  iki komandanı eyni zamanda sevmək, onlara eyni anda azarkeşlik etmək mümkündürmü?” 

Xeyli yaşı olmasına baxmayaraq, Tahir dayı futbol meydanında kifayət qədər gümrah və cəld görünür. Fikir vermişəm, qüvvəsini heç vaxt boş yerə sərf etmir, mənasız itkilərə səbəb olan ötürmələr vermir,  daim sadə və effektli olmağa çalışır. Özüm belə, ondan xeyli futbol fəndləri və hiyləgərliklər öyrənirəm.

Onun oyunçu keyfiyyətlərindən, ustalığından çox yazmaq olar. Müdafiədə edibarlıdır, mövqe seçmə bacarığı mükəmməldir. Hətta ara-sıra hücumlara da qoşulur, bəzən qollar da vurur. Gənc oyundaşlarını qapı önünə topsuz aparıb, topsuz gətirir.

Deyir,  əvvəllər hər həftə futbola gedəndə, elə qapıdan çıxar-çıxmaz arvad zəhləmi tökürdü. İdman çantamı çiynimə aşıran kimi, deyinirdi. Dır-dırı baş aparırdı:

"Bu nədir ay kişi, yekə adamsan, tumançaq, şortikdə oğlun, nəvən yaşında uşaqlarla futbol oynayırsan? Heç yaşından, başından utanmırsan?”

Bir dəfə, beş dəfə, nəhayət Tahir dayı bir gün dözmür və suala sualla cavab verir: 

Şəkərin var ay arvad?  

Arvad təəccüblənir: - Bu nə sualdır ay kişi, əlbəttə var. 
Tahir dayı: Bəs hipertoniya? 
Arvad deyir:  - O da var. 
Tahir dayı: - Keçən il insult keçirmisən? 
Arvad deyir:  - Keçirmişəm. 
Tahir dayı: - Hər ay sənin dava-dərmanına 300-500 manat xərcləyirəm? 
Arvad deyir: - Hə xərcləyirsən, nə olsun ki? Sözünün canı nədir?
Tahir dayı: -  İndi izah edərəm. Hər həftə gedirəm,  5 manat ödəyirəm futbol oynayıram. Ayda 4 dəfə,  bu toplam iyirmi manat edir. İndi ayda cəmi-cümlətani iyirmicə manat ödəməklə bütün orqanlarım sağlamdır,  özümü də əla hiss edirəm, gümraham, buz baltasıyam. Ürəyim də saat kimi işləyir. 
Həkimə, xəstəxanaya getməyə də ehtiyacım yoxdur. İndi anladın? 

Tahir dayı deyir, o vaxtdan bəri qulağım dinc, başım  sakitdir. Arvad hər həftə özü idman çantamı toplayır, hazırlayır və məni qapıdan itələyib  yola salır.
Hara? Futbola.

Vüsal Bağırlı

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->