818 milyard 880 milyon təzminatı Azərbaycan Ermənistandan ala biləcəkmi?

818 milyard 880 milyon təzminatı Azərbaycan Ermənistandan ala biləcəkmi?

"Biz beynəlxaq məhkəmələrdə sübut etməliyik ki, Ermənistan işğalçıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Əkrəm Həsənov Ermənistanın işğalı nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına dəymiş 818 milyard 880 milyon ABŞ dolları məbləğindəki ziyanın geri qaytarılmasının prosedur qaydalarını şərh edərkən deyib. O, bu prosesin çox da asan olmayacağını vurğulayıb:

"Bu, elə də asan məsələ deyil. Birincisi, ekspertizanın özünün aparılmasını biz hələ sübut etməliyik. Çünki alternativ ekspertizalar ola bilər. Yəni, söhbət hansı zərərdən gedir? Əsas məsələ Ermənistanın burada təqsirkar olmasını sübut etməkdir. Çünki Ermənistan deyir ki, Azərbaycanın torpaqlarını işğal etməmişəm. Bunu guya Dağlıq Qarabağın erməniləri edib. Məhz buna görə illər ərzində Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımırdı, onu özünə birləşdirmirdi. Çünki bu, artıq işğal hesab olunurdu. Onlar belə bir hiyləyə əl atırdılar. Biz beynəlxalq məhkəmələrə müraciət etsək, Ermənistanın işğalını sübut etmək asan olmayacaq”.
 

 
Əkrəm Həsənov qeyd edib ki, Azərbaycanın bu prosesdə mövqeyləri güclüdür:

"Biz ilk öncə Ermənistanın işğalçı olduğunu sübut etməliyik. Məsələnin ikinci tərəfi dəyən ziyandır. Beynəlxalq məhkəmələrdən başqa bizim həmin ərazilərimizdə konkret ziyan vuranlar kimlər olubsa, onların hər birinə qarşı iddia qaldıra bilərik. Bu ziyanı təkçə Ermənistan deyil, həm də hansısa xarici şirkətlər vurub. Artıq onların yerləşdiyi ölkələr üzrə məhkəməyə verə bilərik”.

Qeyd edək ki, Ermənistanın işğalı nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına dəymiş maddi zərərin məbləğinin beynəlxalq standartlara əsasən müəyyən edilməsi məqsədilə aparılmış kompleks məhkəmə ekspertizasının ilkin hesablamalarına görə, dəymiş maddi ziyan 818 milyard 880 milyon ABŞ dolları təşkil edir.

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR