Ermənistana təzminat davasıyla bağlı yenilik

Ermənistana təzminat davasıyla bağlı yenilik

"Beynəlxalq ekspertlər Ermənistanın Azərbaycana vurduğu maddi və mənəvi ziyanı hesablama prosesini yekunlaşdırdıqdan sonra təzminat məsələsi ictimailəşəcək”.   

Hazırda Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri də Ermənistanın işğal dövründə ölkəmizə vurduğu maddi və mənəvi ziyanı ödəmək üçün təzminat verməsi məsələsidir.  Amma xeyli müddətdir, bu məsələ ətrafında demək olar ki, danışılmır. Bu istiqamətdə işlərin hansı müstəvidə olduğu barədə danışmaq üçün Qaynarinfo olaraq Milli Məclisin deputatı Elman Nəsirova müraciət etdik. O, proses istiqamətində ardıcıl işlərin getdiyini söylədi.  

- Öncə onu qeyd edim ki, hazırda işğaldan azad olunmuş ərazilərin bərpası və yenidənqurulması istiqamətində sistemli addımlar atılmaqdadır. Bu istiqamətdə ardıcıl işlər görülür. Hə işin öz zamanı var. İndi bir nömrəli vəzifə işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsidir. Minalardan təmizlənmə prosesi gedir. 
Paralel şəkildə Ermənistana qarşı, onun vurduğu maddi, mənəvi ziyanı ödəmək üçün xarici ekspertlərin dəvəti prosesi reallaşıb. Onlar hazırda bu məsələnin üzərində işləyir. İslam Əməkdaşlıq Təşkilatının faktaraşdırıcı missiyası da azad edilmiş ərazilərimizə səfr edib. Onlar da öz hesabatlarını hazırlayacaqlar. Ona görə də Ermənistanın təzminat ödəməsi məsələsi barədə danışmaq indilikdə tezdir. Xarici ekspertlər hələlik mövqelərini açıqlamır. Amma proses gedir. Özü də ciddi şəkildə.
Beynəlxalq ekspertlər Ermənistanın Azərbaycana vurduğu maddi və mənəvi ziyanı hesablama prosesini tam yekunlaşdırdıqdan sonra artıq məsələ ictimailəşəcək. Azərbaycan Prezidenti də bu istiqamətdə ciddi işlərin getdiyini vurğulayıb. Məqsəd odur ki, Ermənistan vurduğu maddi və mənəzi ziyana görə məsuliyyət daşısın və təzminatı ödəsin. Bu təzminatın ödənilməsi İrəvandan tələb olunacaq. 

- Ermənistan bu məsələdə qeyri-konstruktiv mövqe tutacağı təqdirdə Azərbaycan hansı addımlar atacaq? 
- Belə olan halda məsələnin beynəlxalq məhkəmələrdə müzakirə olunması və prosesin beynəlxalq məhkəmələrin dəhlizlərinə yönəldilməsi baş verəcək. Bu halda da Ermənistanın hüquqi müstəvidə cəzalandırılması labüd olacaq. Bunu Ermənistan tərəfi də bilir. Bilirlər ki, Bakı bu yöndə ciddi işlər görür. Proses qaçılmazdır. Mütləq baş verəcək.

- Dediyiniz beynəlxalq ekspertlər hansı qurumları və ya dövlətləri təmsil edir? 
- Beynəlxalq ekspertlər məhz bu sahə üzrə ixtisaslaşmış  ekspertlərdir. Həmin ekspertlər bu istiqamətdə geniş təcrübəyə malikdirlər. Bu hadisə ilə bağlı ən yaxın tarix İraqın Küveytə hucumu idi. Nəticədə Küveyt İraqın təzminat ödəməsi üçün BMT çərçivəsində məsələ qaldırdı. Belədə həmin prosesdə BMT ekspertləri iştirak etmişdi. O zaman İraqın Küveytə 52 milyard dollar ziyan vurduğu müəyyənləşdi. Keçən müddət ərzində İraqın Küveytə cəmi bir neçə milyard ödənilməmiş vəsaiti qalıb. Ermənistanın da gələcəkdə eyni aqibəti gözləyəcəyi labüddür. 

- Ermənistanın Azərbaycana vurduğu ziyan fonunda nə qədər təzminat istənilə bilər? 
- Təzminatın miqdarı barədə indidən nəsə desək, beynəlxalq ekspertlərin son nəticələrinə şübhə sala bilərik. Yekun qiymətləndirmədən sonra isə konkret rəqəm söyləmək olar. Hər halda söhbət böyük miqdarda rəqəmlərdən gedir. 

- Sizcə, təzminatın hansı formada ödənilməsi daha məqbuldur?  
- Beynəlxalq praktikada bununla bağlı nümunələr var. Məsələn, İraq 52 milyard dolları ödəmək gücündə olmadıqda, onun satdığı neftdən əldə etdiyi gəlirin müəyyən faizi Küveytə ayrıldı. Ermənistanın isə nefti yoxdur. Amma buna baxmayaraq, vurduğu ziyana görə Ermənistanın dövlət olaraq qazandığı gəlir məsələsinin danışıqların predmeti olub-olmayacağı artıq gələcəyin işidir. İkinci Dünya Müharibəsində məğlub olan Almaniya təzminat ödəmək gücündə olmayanda sovet işğal zonasındakı sənaye müəssisələri, zavod və fabrikləri SSRİ-nin balansına keçirildi. Yəni beynəlxalq praktikada natura şəkilində ödəniş praktikası da mövcuddur. Mümkün variantlar təhlil olunub araşdırılacaq və müvafiq addımlar atılacaq.

- Belə çıxır, prosedurun tam olaraq yekunlaşması xeyli müddət aparacaq?
- Hər halda bunun üçün uzun vaxt yoxdur. Bu məsələ əslində elə də çətin deyil. İşğaldan əvvəl orada olan bütün obyektlərin siyahısı, xəritəsi var. Hər şey qeydiyyatdadır. Ermənilər isə onların hamısını məhv edib. Qiymətlərin indiki indeksasiyası yolu ilə dəymiş ziyanı müəyyənləşdirmək elə də çətin deyil. Xüsusən də bu sahədə ixtisaslaşan beynəlxalq ekspertlər üçün çətin məsələ deyil.

- Bu məsələnin hansı səviyyəyə qədər uğur qazanacağını gözləyə bilərik?
- Beynəlxalq ekspertlər üçün əsas məsələ həqiqətdir. Onlar zəhmətlərinə görə əmək haqqı da alır. Hər məsələ hüquqi müstəvidə tənzimlənir. Bu ekspertlərin gəldiyi nəticələr heç bir şübhə doğurmur. Onların qiymətləndirmələri beynəlxalq aləmdə də obyektiv və məqbul sayılır. Azərbaycanın tanınmış beynəlxalq ekspertləri prosesi araşdırmağa dəvət etməsinin kökündə dayanan əsas motiv də məhz bununla bağlıdır. 

Rüfət Sultan
XƏBƏRLƏR
BLOGLAR
X