22 kişinin 1 top arxasınca qaçması... - Fərqli düşünən xanım yazar

22 kişinin 1 top arxasınca qaçması... - Fərqli düşünən xanım yazar

Futboldan kənar sahələrdən olan tanınmış şəxslərlə müsahibələrimiz davam edir...

Bu dəfə yazıçı Çinarə Ömray futbolla bağlı fikirlərini Sport7.az-la paylaşıb.

- Çinarə xanım, futbolla və ya idmanın hər hansısa növü ilə maraqlanırsınızmı?
- Niyəsə bizdə xanımlara idman deyəndə ilk ağıla gələn arıqlamaq və fitnes olur. Beynimizdə idman sözü arıqlamaq sözüylə yanaşı yazılır. Futbolla maraqlanıram, çünki oğlum futbolla məşğuldur.

- Bir az oğlunuz haqqında məlumat verə bilərsiniz? 
- Ömərin 11 yaşı var. 6 ildi "Sumqayıt" Futbol Klubunda oynayır. Hədəfi qapıya qol vura bilməkdir... (gülür)
 


- Ömər, necə oldu ki, futbola marağın yarandı? 
- Balaca olanda uşaqlar məni onlarla futbol oynamağa qoymurdular. Sonra özümə top aldım yenə qoymadılar. Artıq indi özüm seçim edirəm, kimlərlə oynamaq zövq verir, kimlərlə yox.

- Bəs bəyəndiyin komanda, futbolçu hansıdır? Böyüyəndə hansı futbolçu kimi oynamaq istərdin?
- Komanda olaraq "Yuventus", oyunçu kimi Kriştianu Ronaldonu bəyənirəm. Bütün futbolçuları izləyirəm, onların hərəsinin bir üstünlüyü var. Böyüyəndə bütün o "bir üstünlükləri” özümdə çəmləyib, özüm kimi oynamaq istəyirəm.
 


- Çinarə xanım, Ömər futbola getmək istəyirəm deyəndə, bir ana olaraq zədələr və yorğunluğu nəzərə alaraq narazılıq etdinizmi? 
- Yox, narazı olmadım, Çünki Ömər o qədər enerjili idi ki, düşündüm, ancaq futbolda enerjisini tükədə bilər. Elə də oldu. Amma zədələr qaçılmazdır. Bütün sahələrdə olduğu kimi... Məsələn, bəzən oxuduğun bir kitab adamın zehnində elə bir zədə açır ki, onun ağrısını bütün bədənində hiss edirsən. Buna baxanda futboldakı zədələr daha tez sağalandır.

- Bəs gələcəkdə təhsil almasını, yoxsa sırf peşəkar futbola yönəlməsini istərdiniz?
- Təbii ki, bütün hallarda təhsil öndədir. Ömər uşaq yaşlarından mütailəyə meyillidir. O, oxuduğu kitablarla bağlı vifeoçarxlar çəkib paylaşır, həmyaşıdlarını kitaba səsləyir. Onun indi təhsil alan yaşıdır. Gələcəkdə seçimini təbii ki, özü edəcək.
 


- Oyunlarını izləməyə gedirsinizmi? Məsələn, Ömər qol vuranda necə hiss keçirirsiniz? 
- Yox, onu etməmişəm. Çünki biz ayrı-ayrı evlərdə yaşayırıq. Ömərlə birgə kitab oxumağımızdan, onu müzakirə etməyimizdən, çıxardığımız nəticələrdən danışa bilərəm.

- O zaman müzakirə mövzularınızdan bəhs edin...
- Məsələn, Ömər oxuduğumuz kitablardan danışmağı sevir. Birgə müzakirə edirik. Mənə maraqlı olan odur ki, onun öz fikiri olur, onu da əsaslandıra bilir.
 


- Bəs futbolda məşqçilərinin münasibəti necədir, uşaqların təhsilinə diqqət edirlərmi?
- Əlbətdə edirlər. Gündəliklərini yoxlayırlar. Yazar dostumuz var Elmir Huseynoğlu. Məşqçidir o da. Ondan bir dəfə maraqlanmışdım. Demişdi ki, futbol oynaya bilməyən uşaqların əksəri məktəbdə "3" alan uşaqlardır. Yəni, təhsil önəmlidir. Hər həftə gündəliklər yoxlanır. Bir valideyn olaraq razıyam. 

- Futbolla bağlı öz fikriniz də maraqlıdır. Bir çox qadının fikrinə görə, 22 kişinin 1 top arxasınca qaçmağı çox mənasızdır. Bəs sizə görə? 
- Çox məntiqsiz yanaşmadır. Onda şahmata da o cür məntiqlə yanaşaq. Amma şahmat beyin oyunudur. Həyatda hər şeyin öz fəlsəfəsi var, eləcə də futbolun. Futbol da həm beyin, həm savad, həm də cəldlik-çeviklik oyunudur. Niyəsə hərdən mənə elə gəlir ki, riyaziyyatı bilməyən futbol oynaya bilməz...

Röya Kərimli
XƏBƏRLƏR
BLOGLAR