Video 19:17 19.10.2019

3 stansiyada hərəkət bərpa edildi (VİDEO)

Müvəqqəti dayandırılma vətəndaş hüquqlarının qorunması ilə bağlı idi

Oktyabrın 19-da saat 13:00-da zərurətdən yaranan səbəblərə görə Bakı metropoliteninin fəaliyyəti müvəqqəti dayandırılan "28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyaları saat 17:00-dan etibarən sərnişinlərin giriş-çıxışına açılıb.

Bu barədə Reala "Bakı Metropoliteni" QSC mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 19-da saat 15:00-da mitinq keçirilməsi ilə əlaqədar özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurum Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Müvafiq cavab verilməsinə rəğmən, həmin vaxtda qanunla qadağan edilmiş yerdə - Bakı metropoliteninin "28 May" stansiyasının qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçiriləcəyi barədə sosial şəbəkələrdə məlumatlar paylaşılmışdı.

Bunu nəzərə alaraq, "Bakı Metropoliteni" QSC qanunsuz hərəkətlərə yol verilərək metro nəqliyyatının işinin pozulacağı təqdirdə bütün məsuliyyətin təşkilatçıların üzərinə düşəcəyini bəyan etmiş və qeyd olunan üç stansiyanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul etmişdi. Qərarın verilməsində yeganə məqsəd strateji əhəmiyyətli kütləvi nəqliyyat infrastrukturu olan Bakı metropoliteninin fəaliyyətinin iflic olmamasını, eləcə də bu nəqliyyat vasitəsindən istifadə edən vətəndaşların hüquqlarının qorunmasını təmin etmək idi.