Siyasət 14:27 26.09.2022

44 günlük savaş bizə nə verdi? - Politoloq

Sabah 44 günlük Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür. Artıq ikinci ildir ki, Azərbaycanda Anım Günü qeyd edilir. Vətən Müharibəsinin qəhrəmanları anılacaq, ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu yad ediləcək. 

Qeyd edək ki, 44 günlük müharibədə Azərbaycan Ordusunun 2908 hərbçisi şəhid olub. 44 günlük Vətən müharibəsi Azərbaycanın həm döyüş meydanında, həm də siyasi masada qələbəsi ilə başa çatıb. Bu müharibə ilə Azərbaycanın və onun Ordusunun dünya miqyasında mövqeyi daha da möhkəmlənib. 

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri bildirir ki, 44 günlük müharibədə qələbə ilə Azərbaycan tək Qarabağın azad olunması ilə məhdud düşünən bir dövlətdən çıxaraq, daha böyük hədəfləri olan bir dövlətə çevrilməyə başlayıb:



"44 günlük müharibədə ən böyük qazancımız millət olaraq özümüzü qazanmağımız oldu. 200 illik torpaq itkilərindən sonra ilk dəfə olaraq itirilən ərazilərimizi qaytara bildik. Bu zəfər nəticəsində millətimiz də özünə qayıtdı. Millətimiz əsgəri, dövləti ilə birlikdə bir ürək ola bildi və bu proses davamlıdır. Burada ən böyük qazanc dövlətin ərazisinin bütövlüyüdür. Amma ərazi bütövlüyünün təmini bir işdir, bütün ərazilərdə Azərbaycanın suveren dövlət hüquqlarını təmin etmək isə başqa bir məsələdir. Hədəfdə olan əsas məsələlərdən biri də Qarabağın ermənilər yaşayan ərazilərində suveren hüquqlarımızın təmin olunmasıdır. 

44 günlük müharibə ilə cəmiyyət və xalq olaraq göstərə bildik ki, öz torpağımız uğrunda rahatlıqla ölə bilərik. Millətin formalaşması üçün bu cox vacib mənəvi amillərdən biridir. Çünki Vətən torpağı qanla sulandığı təqdirdə Vətən olur. 

Ermənilər geosiyasi alət rolunda çıxış edirlər. Dünya gücləri də hər zaman Ermənistandan bir alət olaraq istifadə edib, bu gün də istifadə edirlər. Ona görə də bu etnosun dövlətçilik şəklində var olmasının perspektivini görmürəm. Bunu üzə çıxaran dövlət isə Azərbaycan oldu. Artıq millətimiz oyanıb. Azərbaycan anladı ki, Türkiyə və digər türk cümhuriyyətlərindən başqa ölkəmizi ciddi şəkildə dəstəkləyən güc yoxdur. Ona görə də bütün türk dövlətlərində toparlanma prosesi gedir. Türk birliyinə aparan Şuşa Bəyannaməsi də ən böyük qazancımızdır. Artıq Azərbaycan tək Qarabağın azad olunması ilə məhdud düşünən bir dövlətdən çıxıb, daha böyük hədəfləri olan bir dövlətə çevrilmək üzrədir. Azərbaycanın düşmənlərə peşkəs edilən Vətən torpaqları var. Bu torpaqların bir hissəsi də Ermənistandadır. Gələcək perspektivdə Ermənistandan bu torpaqlarımızı geri almaq zamanı da yetişəcək. Ona görə də artıq millət və dövlət olaraq daha böyük düşünməyə və millətin özünə qayıdışını təmin etmək haqqında düşünməyə başlamışıq. 

2020-ci il 27 sentyabr tarixi Azərbaycan tarixində özünəqayıdışın təməli, dönüşü kimi qeyd olunacaq. Zaman keçəcək, Azərbaycan bu günkindən daha böyük Azərbaycan olacaq”.
 
Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edir ki, 2 il bundan əvvəl başlayan 44 günlük hərbi əməliyyat həm Azərbaycan, həm də dünya tarixi üçün mühüm əhəmiyyətə malik hadisə oldu:



"Azərbaycan 30 ilə yaxın işğalda qalan ərazilərini azad etdi. Nəticədə ölkəmizin ərazi bütövlüyü təmin olundu. Dünya üçün bu qələbəmiz ilk növbədə bir xalqın öz gücünə inanması və bütün resurslarını bir istiqamətə yönəltməklə problemi həll etmək qabiliyyətində olduğunu göstərdi. Qələbə həmçinin beynəlxalq hüququn işləməsinin vacibliyini önə çıxardı. Dövlətlər arasında sərhədlərin tanınması, ərazi bütövlüyünə hörmət edilməsi məsələsinin bir daha vacibliyini göstərdi”. 

Rüfət Sultan