Tarixdə epidemiya deyəndə adətən vəba və ya qrip kimi xəstəliklər yada düşür. Ancaq Orta əsrlər və İntibah dövrü Avropasında insanların həyatına son qoyan daha qəribə bir hadisə olub: Rəqs vəbası epidemiyası.
Qaynarinfo xəbər verir ki, 1518-ci ilin 14 iyulunda Müqəddəs Roma İmperiyasının Alsake bölgəsində yerləşən Strasburq şəhərində son dərəcə qeyri-adi bir hadisə baş verib. Xanım Troffea adlandırılan qadın, yarı taxta evinin qarşısındakı küçədə qəfil rəqs etməyə başlayıb.
Spazmodik və qıcolma hərəkətləri edən Troffea günboyu nəzarətsiz şəkildə rəqsini davam etdirib və yalnız huşunu itirib yerə yıxıldıqdan sonra dayanıb. Əri onu dayandırmağa çalışsa da, nəticə verməyib. Qadın ertəsi gün yenidən rəqs etməyə başlayıb. Ayaqları şişmiş, qanayan yaralarla örtülmüşdü, lakin Troffea dayanmağa qadir deyildi.
Bir neçə gün ərzində 30-dan çox adam ona qoşulub. Bir ayın sonunda isə rəqs edənlərin sayı 400-ə çatıb. Bəzi mənbələrə görə, hər gün bir neçə nəfər rəqs edərkən ürək tutmasından, həddindən artıq yorğunluqdan və ya aclıqdan ölürdü.
Sentyabr ayında şəhər məclisi məsələyə müdaxilə etməyə qərar verib. Rəqs edən insanlar St. Vitus məbədinə aparılıb və şəfa tapmaları üçün Tanrıya dua edilib. Duaların qəbul olunduğu düşünülür, çünki qısa müddət sonra kütlə rəqs etməyi dayandırıb.
Hadisə həmin dövrdə böyük rezonans doğurub, altı müxtəlif sənəddə qeydə alındı və bir sıra sənət əsərlərinə mövzu olub.
Rəqs epidemiyası ilə əlaqəli əsərlərdən ən məşhuru holland ustası Piter Brüegelin 1592-ci ildə çəkdiyi "Molenbekdəki Müqəddəs Conun Rəqqasları" rəsmidir.
Strasburq hadisəsinin təfərrüatları sanki bir qorxu filmini xatırladır və buna görə də böyük maraq doğurur. Üstəlik, bu cür rəqs epidemiyaları o dövrdə ilk dəfə yaşanmayıb. Elm adamlarının "xoreomaniya" adlandırdığı sözügedən fenomen bir müddət dünyada olduqca geniş yayılmışdı. Belə epidemiyalar zamanı böyük insan qrupları uzun müddət nizamsız, çılğın rəqs edir, öz hərəkətlərinə nəzarət edə bilmir və yalnız yerə yıxıldıqda dayanırdı. Nəticədə çoxlu sayda insan həyatını itirirdi.
7-ci əsrdən 19-cu əsrə qədər dünyada bu cür onlarla hadisə qeydə alınıb. Xoreomaniya xüsusilə 14–17-ci əsrlərdə Avropada zirvəyə çatıb. Ən məşhur epidemiya isə 1518-ci ildə Xanım Troffea ilə başlayan Strasburq hadisəsi olub.
Orta əsrlər rəqsləri üzrə mütəxəssis Ketrin Dikson "National Geographic” nəşrinə açıqlamasında deyib: "Xoreomaniyanın nə qədər heyrətamiz bir şey olduğunu müasir dövrdə anlamaq çətindir. O zaman insanlar çoxluğun bu şəkildə eyni anda rəqsə tutulmasını heyrətlə izləyirdi. Sənədlərdə adlar çəkilir. Məsələn, xəstəliyin qadının həyat yoldaşına keçmədiyi məlumdur. Ayaqları qanayan insanların ona qoşulduğundan bəhs olunur. Çox dramatik bir mənzərədir".
Bütün detallara baxmayaraq, 500 ildir cavabsız qalan bir sual var: xoreomaniyanın səbəbi nə idi?
1518-ci ildəki rəqs epidemiyasının səbəbi
Strasburq və oxşar hadisələr o dövrdə geniş yayılmış dini və batil inanclar səbəbilə əksər hallarda fövqəltəbii qüvvələrlə izah edilirdi. İnsanlar rəqsin səbəbinin pagan ayinlərinin pozulmasına qəzəblənən azizlərin lənəti, Şeytanın insanları ələ keçirməsi və ya Tanrının günahları cəzalandırması olduğunu düşünürdülər.
Anderson Universitetindən tarixçi Linnet Miller Renberq bildirir ki, ardıcıl rəqsin yeganə müalicəsi kilsənin nəzarətində idi. Zaman keçdikcə elm irəliləyir və müxtəlif nəzəriyyələr irəli sürülür, lakin heç biri tam şəkildə təsdiqlənməyib.
Epidemiyalara qida məhsullarına bulaşan mantarların, ensefalit, epilepsiya və ya tifüs kimi xəstəliklərin səbəb ola biləcəyi irəli sürülüb. Lakin bu xəstəliklərin heç biri nəzarətsiz, uzunmüddətli rəqs şəklində özünü göstərmədiyindən, nəzəriyyələr geniş qəbul edilməyib.
1950-ci illərdə isveçli farmakoloq Ejen Lui Bekman "ergot” adlı psixotrop göbələyin bölgənin taxıllarını zəhərləmiş ola biləcəyini iddia edib. Dikson qeyd edir ki, çovdarda yaranan ergot halüsinasiyalara, aqitasiyaya və ritmik səs-küylərə qarşı həssaslığın artmasına səbəb olur.
Bununla belə, Miçiqan Dövlət Universitetinin tibb tarixçisi Con Valler bu nəzəriyyənin qüsurlu olduğunu, çünki xoreomaniya hadisələrinin qeydə alındığı bütün bölgələrdə çovdarın əsas qida olmadığını qeyd edir. Üstəlik, "ergot" zəhərlənməsinin tipik əlaməti olan qangrena hadisə təsvirlərində yer almır.
Strasburq hadisəsini izah etmək üçün ən güclü nəzəriyyə 1980-ci illərdə ortaya çıxıb: tədqiqatçılar bunun kütləvi isteriya olduğunu irəli sürüb.
Renberq həmin dövrdə Strasbourg sakinlərinin sel, qeyri-adi istilər, hıyarcıqlı vəba, göydə görünən kometa və digər fəlakətlərlə üzləşdiyini xatırladaraq, bu əlamətlər qiyamət qorxularını və ictimai qarışıqlığı gücləndirdi deyir.
1515-ci ildə başlayan və üç il davam edən aclıq da bölgəyə ciddi təsir etmişdi. Troffea rəqs etməyə başladığı vaxt havalar həddindən artıq isti idi.
Dikson bildirir: "Bu dövrdə Avropada orta sinif yüksəlir, kəndli üsyanları baş verirdi, aclıq, sel, bilimin inkişafı, cadugərlik ittihamları və qara vəba kimi böyük dəyişikliklər ard-arda yaşanırdı".
Diksona görə, koreomaniya həm də kollektiv yas reaksiyası və insanların yaşadıqları xaosu mənimsəmə üsulu ola bilər.
Cavabı axtarmağa davam etməliyikmi?
Xoreomaniya həm tanış, həm də qəribə olduğu üçün əsrlərdir insanları cəlb edir. Lakin hadisəyə yalnız müasir elmin gözü ilə baxmaq bir çox vacib məqamı gözdən qaçıra bilər.
Renberq deyir: "Biz səbəbi tapmağa o qədər fokuslanırıq ki, bu hadisənin o dövr üçün nə ifadə etdiyini, insanlar üçün nə mənaya gəldiyini unuduruq".
Dikson isə vurğulayır ki, həmin dövrdə insanların inanc sistemi və mədəni təcrübələri bu günkindən tamamilə fərqli idi və rəqs edən insanları öz tarixi-dini kontekstində araşdırmaq vacibdir.
Renberq belə yekunlaşdırır: "Xoreomaniya Orta əsrlər və müasir ideologiyalar arasında sıxışıb qalmış, iki fərqli inanclar toplusu ilə şərh olunan bir fenomendir".
Aydın
Şərhlər