İsrail, ABŞ və İran arasında baş verən münaqişə qlobal iqtisadiyyat üçün vacib olan bir sıra məhsulların qiymətində kəskin artıma səbəb olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” məlumat yayıb.
Nəşrin yazdığına görə, Yaxın Şərqdəki döyüşlər bazar qiymətlərinə təsir edərək əsas plastik xammalları və gübrələrdən tutmuş Braziliya şəkəri və Qətər heliumuna qədər müxtəlif məhsulların bahalaşmasına gətirib çıxarıb.
Alüminiumun qiyməti son dörd ilin ən yüksək səviyyəsinə çatıb. Buna səbəb Qətər və Bəhreyndə yerləşən böyük zavodlardan tədarüklərin dayandırılmasıdır. Dünyada alüminium istehsalının təxminən 8%-i Fars körfəzi ölkələrinin payına düşür. Bu ölkələr metalların əridilməsi üçün lazım olan xammalı Hörmüz boğazı vasitəsilə idxal edir. Boğazın bloklanması isə tədarük zəncirini çətinləşdirib. Alüminiumun təyyarə istehsalından tutmuş konserv qablarına qədər geniş istifadə edildiyini nəzərə alsaq, onun bahalaşması müxtəlif məhsulların qiymətinə təsir göstərə bilər.
Əkin mövsümü ərəfəsində əsas azot gübrəsi olan karbamidin qiyməti 35% artıb. Bu kimyəvi maddənin dünya ticarətinin təxminən üçdə biri Hörmüz boğazından keçir. Boğazın bloklanması regionda gübrə və metalların, xüsusilə misin istehsalı üçün vacib olan kükürd ehtiyatlarının demək olar ki, yarısının daşınmasını da çətinləşdirib. "Corriere della Sera”nın məlumatına görə, bəzi gübrələrin qiyməti bir həftə ərzində 26% bahalaşıb.
Helium istehsalı da ciddi zərbə alıb. Dünya üzrə helium tədarükünün təxminən üçdə birini təmin edən Qətər Ras-Laffan sənaye kompleksinə zərbələrdən sonra istehsalı dayandırıb. Bu qazın çatışmazlığı yarımkeçirici istehsalına, tibbdə istifadə olunan MRT cihazlarının fəaliyyətinə və müxtəlif müdafiə texnologiyalarına təsir göstərə bilər.
Şəkər bazarında dalğalanma isə enerji böhranı fonunda yaranıb. Dünyanın ən böyük şəkərqamışı istehsalçısı olan Braziliya xammalın daha çox hissəsini etanol istehsalına yönəltməyə başlayıb. Etanolun qiymətinin 10% artması bu qərarı stimullaşdırıb və nəticədə şəkər bazarında qiymətlər dəyişməyə başlayıb.
Aydın
Şərhlər